Regional Müalicə Diaqnostika Mərkəzlərində ilk dəfə endoskopik-laparoskopik əməliyyatlar keçirilib
25 may 2011 17:03 (UTC +04:00)

Regional Müalicə Diaqnostika Mərkəzlərində ilk dəfə endoskopik-laparoskopik əməliyyatlar keçirilib

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində ARDNŞ-nin maliyyə vəsaiti hesabına regionlarda inşa olunmuş Müalicə Diaqnostika Mərkəzləri ötən ilin sonlarında endoskopik-laparoskopik cərrahi əməliyyatların aparılması üçün müvafiq cihazlarla təmin edilib.


Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk mərhələdə ARDNŞ-in Sosial İnkişaf İdarəsinin tabeçiliyində olan səhiyyə müəssisələrində çalışan 16 həkim Türkiyə Respublikasının müxtəlif klinikalarında uzunmüddətli ixtisasartırma kurslarına göndərilib. Təkmilləşdirmə kurslarını uğurla bitirən həkim-cərrahlar artıq topladıqları zəngin təcrübəni tətbiq etməyə başlayıblar. Bu günlərdə Gəncə, Zaqatala və Lənkəran Müalicə Diaqnostika Mərkəzlərində ilk dəfə 15 xəstə üzərində endoskopik-laparoskopik əməliyyatlar keçirilib. Uğurlu əməliyyatlar nəticəsində uzun müddətdən bəri öd daşı və ginekoloji xəstəliklərdən əziyyət çəkən xəstələrə tibbi yardım göstərilib. Təmənnasız şəkildə əməliyyat olunan bu şəxslərin hamısı bölgə sakinləridir.


ARDNŞ tərəfindən Almaniya Federativ Respublikasından dəvət olunmuş mütəxəssis - Hannover şəhər xəstəxanasının cərrahiyyə bölməsinin rəhbəri, doktor Fredirik Maynik də regional Müalicə Diaqnostika Mərkəzlərində gerçəkləşdirilən həmin əməliyyatlarda yerli həkimlərlə birlikdə iştirak edərək öz dəyərli tövsiyələrini verib və qazandığı təcrübəni bölüşüb. Hazırda ARDNŞ-in nəzdində fəaliyyət göstərən bütün regional Müalicə Diaqnostika Mərkəzlərində yerli mütəxəssislər tərəfindən tam sərbəst şəkildə endoskopik-laparoskopik əməliyyatların həyata keçirilməsinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592

Oxşar yazılar