Arzu Şirinova: “Vaxtdır...” - MÜSAHİBƏ
25 may 2011 15:28 (UTC +04:00)

Arzu Şirinova: “Vaxtdır...” - MÜSAHİBƏ

Onunla çoxdan, mənə elə gəlir ki, lap çoxdan tanışıq. Mətbuatın, jurnalistikanın söz sahibi olduğu dövrlərdə “7 gün” qəzetində bir yerdə çalışırdıq. Arzu xanım bizdən yaşca nisbətən böyük idi. Universitet həyatından yenicə ayrılmış bir neçə gənc onun və o vaxt həmin qəzetdə çalışan çox hörmətli 3-4 təcrübəli jurnalistin ətrafında toplaşmışdıq. Birgə işimiz necə bəhrə verirdi - bunu o vaxt mətbuatda olan həmkarlarımız yaxşı bilirlər. Oxucuların da yadından çıxmış olmaz. Amma o insanların, o cümlədən Arzu xanımın bizim həyatımızdakı rolu yalnız mətbuat səhifələrində gözlə görünənlər deyildi.
Mən onu özümə gənc ana bilirdim. Hansı mənada? Bəzən anama çəkinib deyə bilmədiklərimi onunla bölüşürdüm. Bilirdim ki, Arzu xanım ən düzgün yolu göstərəcək. Onun mənə həm yaradıcılıqda, həm də həyatda inamı və məsləhətləri həyat yolumda çox kömək oldu. Bu gün də elədir. Yaxşı insanlar yaxşı aura, yaxşı hisslər deməkdir. Hər gün yaşadığın gərginlikdən çıxmaq, aldığın stressləri atmaq üçün səni sənin qədər duyan, müsbət enerjisi ilə insanı rahatlığa qovuşduran sirdaşa ehtiyacın olur. Arzu xanım belə həmdərd, sirdaş, düşüncə yoldaşımdır.

Kimdir Arzu Şirinova?

Mətbuat aləmindən uzaq, sadəcə oxucu olan kimsənin ağlından bu sual keçə bilər. Arzu Şirinova jurnalistdir. Hazırda “Xalq cəbhəsi” qəzetində redaktor işləyir. Özünə iş tapmayıb qəzetlərə gəlib çıxanlardan deyil, həqiqi jurnalistdir. Əlahəzrət SÖZÜN qədrini bilən, ona həssaslıqla yanaşan, hər kəlməsinin məsuliyyətin daşıyan qələm əhlidir. Biz çox vaxt bir kəlməni ikincisinin ardınca düzüb-qoşa bilmədən hansı yollarlasa jurnalistikadan pillə kimi istifadə edib yuxarılara çıxanları daha tez tanıyırıq. Amma Həsən bəy Zərdabinin, Mirzə Cəlilin, Üzeyir bəyin ənənələrinə sadiq qalıban ömrünü-gününü sözə həsr edən jurnalistlərimizi tanımırıq, onlar qiymətini almadan bu dünyadan nisgilli köçürlər. Qəhrəmanımdan uzaq olsun. Arzu Şirinova “Avanqard”, “Olaylar”, “Teleskop”, “Karvan”, “Yeni zaman” qəzetlərində çalışıb. Hansı mətbu orqanda olursa-olsun, bir ideyaya, bir amala qulluq edib. Sadəcə jurnalist olmasına. Küləyin istiqamətinə gedənlərdən deyil. Şəxsiyyətini, mənliyini heç nəyə güdaza verməz. Neçə illərdir ki, ailəsi ilə yaşadığı Sumqayıtdan Bakıya işə gəlir. Aldığı məvacib yaşadığı evin kirayəsinə ancaq çatır. Peşəsi onu dolandırmır, peşəsinə də yalnız dolanışıq üçün baxanlardan deyil.

Baba keçən yolda

Jurnalistikaya babası, yazıçı Əli Vəliyevin ardınca gəlib çıxıb. Hərçənd, babası onu tarix fakültəsinin tələbəsi kimi görmək istəyirmiş. Qubadlı qəzetində çap etdirdiyi məqalələr isə onun üçün nəvəsinin ötəri həvəsi imiş.

Bir gün baba duyur ki, yox, Arzu seçim edib, fikri qətidir və düzgün yoldadır. Onu ilk hekayəsi ilə birgə “Azərbaycan qadını” jurnalına, Xalidə Hasilovanın yanına göndərir. Hekayəni oxuyan Xalidə Hasilova Əli Vəliyevə zəng vurub, “nəvən sənin yolunu davam etdirəcək” deyir. Bu minvalla, Arzu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuya-oxuya həm də mətbuatda çalışır.

Universitetdə Şirməmməd Hüseynov, Qulu Xəlilov, Famil Mehdi kimi müəllimlərdən həm jurnalistikanın, həm də həyatın sirlərini öyrənib: “Bir dəfə Qulu müəllim dedi ki, Həmidə xanımın Mirzə Cəlil barədə xatirələrini oxumayan tələbəyə qiymət yazmayacam. Kitab da balaca kitabdır, amma çox az çap olunub. Biz o kitabı yalnız Axundov adına kitabxanada oxuya bilərik, imtahana da cəmi bir gün qalıb. Getdim babamın yanına. Babam zəng elədi kitabxanaya və kitabı evə gətirdilər. Mən də oxudum, babam da. Sonra da zəng eləyib Qulu müəllimə təşəkkür etdi ki, sağ ol, Arzuya belə kitabı oxutdurduğun üçün. Sayəndə özüm də oxudum. Sabah gedib kitabı bütünlüklə qrup yoldaşlarıma nəql elədim, hamımız qiymət aldıq. Yaxşı qadın, ana, olmağın yolunda o kitabı mütaliə etmək də var”.

Ata-anaya söylənən yalan

Yəqin bu müqəddəs yalandır, yox... ən müqəddəs yalan.

Arzu Şirinova Bakıda 1961-ci ildə Bakıda doğulub, amma uşaqlığı və gəncliyi indi düşmən tapdağında inildəyən Qubadlıda keçib. Artıq 20 ilə yaxınlaşan bu nisgil, bu ağrı Arzunun həyat hekayətinin əsasını təşkil edir. O, nə yazmaq, nədən yazmaq istəsə də sonu gəlib Qarabağ həsrətinə söykənir. Atası yataqda iflic yatır. Kişi hər kəlməsində “Qubadlı” deyir, göz yaşları yanaqları boyu süzülür. Həkim deyir ki, sanılı günləri qalıb. Arzu bir gün atasının yastığı başında durub ona yalançı sevinclə müqəddəs yalan deyir. “Ata, Qubadlını geri almışıq, özünə gəl, səni ora aparacam”. Arzu xanım danışır ki, o sevinci izah etməkdə çətinlik çəkirəm, yalnız görmək lazım idi atamın gözlərində parlayan işığı. “Dedi ki, qızım, özüm həkiməm, mənim ayağa qalxmağım mümkünsüzdür, apar, amma cənazəmi, oğlumun yanında dəfn etmək üçün. İndi rahat ölə bilərəm”.

Eyni yalanı bir neçə il sonra anasına deyib Arzu xanım. “Bu gün ən qorxduğum şey özümün də o torpaqlara qovuşmadan ölməyimin qorxusudur. Tez-tez yuxuda görürəm torpaqlarımızı, xüsusən də əzizlərimizin də uyuduğu qəbiristanlığı. Bilirəm, hamının yaxşı şəraitdə yaşamaq haqqı var, o cümlədən qaçqın və köçkünlərin. Amma köçkünlər yeni qəsəbələrə köçürüldükcə elə bilirəm Qarabağ bizdən bir az da uzaqlaşır”.

50 ilin dönəmi

Mətbuatda illərlə yazdıqları qəzet səhifələrində saralan həmkarım bu günlərdə yalnız üç ildə çap olunan yazılarını bir kitaba toplayıb. “Cənnətin işğalı” adı altında çapdan çıxan bu kitab onun yazılarıdır, həm də həyat hekayəti. Çünki ürəyimizdən su içən qələm məhsullarımız əslində bizlərin həyat yoludur. İllərlə qəzetlərə, kitablara toplaşır. “Elə bil bu kitabın çap olunması ilə dünyaya dördüncü övladımı gətirdim. Çox gözəl duyğu imiş yazdıqlarını toplum kitab halında əlinə almaq”.

Arzu xanımın çox gözəl, nümunəvi ailəsi - ziyalı həyat yoldaşı, ağıllı övladları var. Bu tərəfdən də Arzudan öyrənməkdə davam edirəm. “Mən əslində çox varlı qadınam. Ailəm mənim var-dövlətimdir.”

50 yaşın dönəmində nə arzu edirsiniz Arzu xanım? - sualıma isə cavabı bu oldu: “İndi oturub yalnız yazmaq istəyirəm. Vaxtdır. Qəzet üçün yox, tarix üçün yazmağın vaxtı. Boynumda bu yükü, bu məsuliyyəti hiss edirəm. Onlar sabahkı nəsil üçün gərəkli olacaq”.

Həm 50 yaşın, həm kitabın, həm də qənaətin mübarək, Arzu xanım...

Ramilə Qurbanlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1318

Oxşar yazılar