Bakıdan 7 regiona “təhlükəsiz yol” turu
23 may 2011 12:46 (UTC +04:00)

Bakıdan 7 regiona “təhlükəsiz yol” turu

Əsas məqsədi regionlarda yol təhlükəsizliyinə ciddi əməl olunmasını təşviq etmək, vətəndaş məsuliyyətini artırmaq, daha çox insanın yol təhlükəsizliyi haqqında məlumatlandırılmasını təmin etmək və əhalinin diqqətini yol təhlükəsizliyinə yönəltmək olan avtobus turu Bakı, Qaradağ, Hacıqabul, Kürdəmir, Ucar, Gəncə, Yevlax və Ağdaşda keçirilib.

Dövlət Yol Polisinin müşayiəti ilə baş tutan avtobus turunda Gənclər üçün Təhsil Mərkəzinin fəalları və mətbuat nümayəndələri iştirak ediblər.

Hər bir regionda təşkil edilən tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri, yerli gənclər və idman idarələrinin rəhbərləri, təhsil müəssisələrinin rəhbərliyi, yaradıcılıq mərkəzlərinin nümayəndələri, məktəblilər və gənclər iştirak edib, yol təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən belə avtobus turunu yüksək qiymətləndiriblər.

Tədbirlərdə çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin nümayəndələri bu layihənin davamlı olaraq digər regionlarda keçiriləcəyini qeyd edib və gəncləri bu maarifçilik işini öz əhatələrindəki insanlar arasında təşkil etməyə çağırıblar. Onlar qeyd ediblər ki, bu layihənin həyata keçirilməsində əsas zərurət ötən illərdə ölkənin aparıcı magistral yollarında baş verən avtomobil qəzaları və onun acı nəticələridir. Çünki bu qəzaların baş verməsinin əsas səbəbi vətəndaşların yol təhlükəsizliyinə riayət etməmələri, məlumatsızlıq və diqqətsizlikdir. Bunun nəticəsində də xeyli sayda insan dünyasını dəyişir, eyni zamanda xeyli insan şikəst olur.

“Sürət məsafəni deyil, ömrü qısaldır” devizi altında reallaşan avtobus turu çərçivəsində hər bir regionda məktəblilərin yol təhlükəsizliyinə həsr olunmuş rəsm sərgiləri də təşkil olunub. Hər bir region üzrə 3 qalib müəyyən edilib və onlar mükafatlandırılıb.

Sonda tədbir iştirakçılarına və məktəblərə layihənin maarifləndirici nəşrləri paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1206

Oxşar yazılar