TQDK prokurorluq orqanlarında işə qəbulla bağlı test imtahanı keçirir
17 may 2011 16:59 (UTC +04:00)

TQDK prokurorluq orqanlarında işə qəbulla bağlı test imtahanı keçirir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Baş Prokurorluqla birgə Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirir.


TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan 18 may 2011-ci il tarixdə saat 10:00-da Azərbaycan Texniki Universitetinin idman zalında başlanır. Namizədlərə “İmtahana buraxılış vərəqəsi” 14 may 2011-ci il tarixdən etibarən təqdim olunub. Prokurorluq orqanlarında təqdim olunmuş ştat vahidləri üzrə müsabiqədə iştirak etmək istəyən 454 nəfərin namizədliyi qeydə alınıb. Namizədlərin imtahana hazırlaşmalarına kömək məqsədilə Baş Prokurorluq tərəfindən 863 sualdan ibarət test toplusu hazırlanıb və TQDK tərəfindən çap olunaraq, namizədlərin istifadəsinə verilib.


İmtahan 3 saat davam edir. İmtahanda namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunacaq: ixtisas üzrə 80 sual hüququn müxtəlif sahələrini əhatə edir və bu sualların hər biri 1 balla qiymətləndirilir; 20 sual isə namizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yoxlamaq üçün nəzərdə tutulub. Məntiqi suallara verilən hər düzgün cavab 0.5 balla qiymətləndirilir.


İmtahanın nəticələri həmin gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (www.tqdk.gov.az) internet saytında yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1415

Oxşar yazılar