MTRŞ telekanallarında ədəbi dilin durumu ilə bağlı monitorinq aparır
Bu barədə APA-ya açıqlamasında Milli Televiziya və Radio Yayımı Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. O deyib ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun iki professoru MTRŞ-nın texniki dəstəyi ilə monitorinqlər aparır. Monitorinqlər xəbərlər proqramlarında və tok-şoularda aparıcıların danışığı, dublyaj olunmuş filmlərdə Azərbaycan ədəbi dil qaydalarının qorunması istiqamətləri üzrə aparılır: “İki ay müddətində telekanallarda ədəbi dilin işlənmə vəziyyəti təhlil ediləcək. Əgər ehtiyac olarsa, monitorinqin müddəti uzadılacaq. Monitorinqin nəticələri MTRŞ-nın saytında yerləşdiriləcək və Şuranın ədəbi dilin qaydalarını pozan telekanallarla rəsmi iş aparması üçün əlimizdə əsas olacaq. Təbii ki, hansısa televiziya kanalının bağlanılmasından söhbət getmir. Amma “Dövlət dili haqqında” qanunun pozulması ilə bağlı nöqsanları aradan qaldırmağı telekanallardan tələb edə biləcəyik”.
588