Vatikanın Məxfi Arxivlərində Azərbaycana aid sənədlər aşkar edilib
12 may 2011 11:46 (UTC +04:00)

Vatikanın Məxfi Arxivlərində Azərbaycana aid sənədlər aşkar edilib

Mayın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclası keçirilib. Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İclası giriş sözü ilə açan AMEA prezidenti, akademik Mahmud Kərimov akademik Nəriman Quliyevi MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu və MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Şurası tərəfindən elm və təhsil sahəsindəki xidmətlərinə görə “Birlik Ulduzları” dövlətlərarası mükafatına layiq görülməsi münasibəti ilə təbrikini çatdırıb.

AMEA Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri, tarix elmləri doktoru Fərid Ələkbərli “Vatikan Məxfi Arxivlərində Azərbaycana aid sənədlər” mövzusunda məruzə ilə çıxış edib. Fərid Ələkbərli Vatikan Məxfi Arxivlərində və Vatikan Apostolik Kitabxanasında araşdırmalar aparıb. O bildirib ki, Vatikan Məxfi Arxivlərində 700-dən çox sənəd araşdırılıb və nəticədə Azərbaycan tarixinə aid 85 sənəd aşkar olunub. Onların arasında Qafqaz Albaniyasına aid italyan, latın, yunan, fransız, ərəb, fars, türk, monqol dillərində sənədlər var. Tədqiqatlar nəticəsində aşkar olunmuş əsərlərin əsasən X-XX əsrlərə aiddir. Sənədlərin arasında orta əsr Azərbaycan hökmdarlarının (İlxani, Səfəvi, Qaramanlı, Əfşar, Qacar və s.) Roma papaları ilə məxfi yazışmalarını əks etdirən məktublar və Vatikan kilsəsinin Azərbaycanda apardığı dini fəaliyyət və təbliğatla bağlı sənədlər də var.

Fərid Ələkbərli Vatikan Apostolik Kitabxanasında da araşdırmalar apardığını və orada 400-dən çox qədim əlyazma əsərinin tədqiqata cəlb olunduğunu, nəticədə həmin kitabxanada orta əsr Azərbaycan müəlliflərinə məxsus 60 qədim əlyazma əsərlərinin aşkar edildiyini söyləyib. Bunlar Azərbaycan, fars, ərəb dillərində olan orta əsr əlyazma kitablarıdır.

Araşdırmalar zamanı Vatikan Apostolik Kitabxanasında Əbdül-Məcid Şirvaninin “Kitabi-Sihri”, Əbdül-Vəhhab Zəncanin Əhməd bin Məhəmməd əl-Hillinin ərəb qramatikasına aid əsərinin şərhinin, Cəlaləddin ət-Təbrizinin, Əhməd bin Məhəmməd bin Əli Şirvaninin, Əbül-Əbbas Əhməd bin Yusif əd-Diməşqi əl-Qaramanin, İbrahim bin Əbdüssəlam əz-Zəncani əl-İmam əl-Müəzzəmin əlyazmaları, Yusif bin Qorxmaz əl-Həmzəvi əl-Hələbinin astrologiyaya aid pərakəndə sitatları aşkarlanıb.

Rəyasət Heyətinin iclasında bu istiqamətdə araşdırmaların davam etdirilməsi, bu sahə üzrə mütəxəssislərin hazırlanması və Azərbaycanın qeyri-maddi mədəniyyət irsinin öyrənilməsi fondunun yaradılması təklif olunub. İclasda Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” sərəncamının və Nazirlər Kabinetinin 13 dekabr 2010-cu il tarixli 232 saylı qərarının icraları ilə bağlı məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 483

Oxşar yazılar