Dunya Miyatoviç Mətbuat Şurasında olub
10 may 2011 19:31 (UTC +04:00)

Dunya Miyatoviç Mətbuat Şurasında olub

Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycanda söz və mətbuat azadlığı sahəsində duruma, Şuranın ATƏT-in Bakı ofisi ilə birgə əməkdaşlığına dair fikir mübadilələri aparılıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, rəhbəri olduğu qurum yarandığı gündən ölkədə söz və mətbuat azadlığı ilə bağlı prosesləri diqqətdə saxlayır. “Şuranın əsas missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən, mövcud sahədə meydana çıxan çətinliklərin aradan qaldırılmasına kömək göstərməkdən ibarətdir. Başlıca fəaliyyətimiz cəmiyyət üzvlərinin kütləvi informasiya vasitələri ilə bağlı şikayətlərini araşdırılmasından ibarətdir. Bununla yanaşı, medianın inkişafına yönələn təşəbbüslərlə çıxış edirik” - deyə, o vurğulayıb.

Diffamasiya ilə bağlı məsələnin müzakirəsində Ə.Amaşov bildirib ki, MŞ-nin məsələ ilə əlaqədar ATƏT-in Bakı ofisi ilə birgə layihəsi müsbət nəticələrini verməkdədir. O, layihənin ilk istiqamətinin uğurla yekunlaşdığını və “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın təkmilləşdirildiyini diqqətə çatdırıb: “Diffamasiya təşəbbüsləri ilə jurnalistlərin peşə davranışı qaydalarının yeni variantının hazırlanmasını eyni müstəvidə dəyərləndirdik. Çünki diffamasiya mühiti məsuliyyət tələb edir. Məsuliyyətin jurnalistlər tərəfindən dərki isə peşə davranışı qaydalarına riayyətdən keçir”. MŞ sədri diqqəti diffamasiya ilə bağlı qanun layihəsinin hazırlandığına yönəldib və bu istiqamətdəki müzakirələrə start verildiyini bildirib.

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi D.Miyatoviç Azərbaycanın ATƏT-lə əməkdaşlığında medianı önəmli faktor kimi önə çəkib. O, təmsil olunduğu qurumun ölkəmizdə söz və mətbuat azadlığına dair vəziyyəti daim diqqətdə saxladığını deyib. Bu baxımdan Mətbuat Şurasının fəaliyyətinə toxunan qonaq Şuraya etimadın mövcudluğunu vacib məqam kimi önə çəkib. O, MŞ-nin ATƏT-in Bakı ofisi ilə birgə layihəsinin uğurlarına da toxunaraq diffamasiya ilə bağlı qanun layihəsi ilə tanış olduğunu bildirib: “Mən Sizə bu qanunun qəbulu üçün göstərdiyiniz səylərə görə təşəkkürümü bildirirəm. İyunda ATƏT-in Daimi Şurasının iclasında hesabatla çıxış edəcəyəm və bütün bunlar barədə məlumat verəcəyəm. Əlbəttə, həmin vaxtadək diffamasiya haqqında qanun qəbul edilsəydi, daha yaxşı olardı. Ümid edirəm ki, Azərbaycana növbəti gəlişimdə bu qanun artıq qəbul ediləcək”.

Ə.Amaşov məlumat verib ki, diffamasiya ilə bağlı qanundan irəli gələrək Azərbaycanın bir çox qanunvericilik aktlarına dəyişiklər labüddür və buna görə də məsələnin müxtəlif instansiyalarda daha ətraflı şəkildə müzakirəsinə ehtiyac duyulur.

Azərbaycan mediasının problemləri və perspektiv vəzifələri ətrafında geniş müzakirələrin getdiyi görüşdə Azərbaycan Mətbuat Şurasının iş prinsipləri də təhlil olunub. D.Miyatoviç medianın özünütənzimləməsi sahəsində təcrübəyə malik olduğunu bildirərək bununla bağlı ATƏT-in Şuraya hər cür dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, görüşdə həmçinin ATƏT-in Bakı ofisinin demokratiya şöbəsinin rəhbəri Jaklin Karpenter, MŞ sədrinin müavinləri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və digər şəxslər iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648

Oxşar yazılar