TQDK Rusiya XİN-in Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna tələbə qəbulu elan etdi
10 may 2011 18:31 (UTC +04:00)

TQDK Rusiya XİN-in Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna tələbə qəbulu elan etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan Respublikası ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları “Elektron ərizə”ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat mayın 11-dən mayın 18-dək hər gün ( bazar günü istisna olmaqla) saat 10:00-dan 17:00-dək aparılır. İmtahanda iştirak etmək hüququna attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər. Ali məktəb tələbəsi və ya məzunu olan şəxslər bu imtahanda iştirak etmək hüququna malik deyillər. Müsabiqədə iştirak etmək üçün üçün abituriyentlərin TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçmələri tələb olunur.

SQK-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün SQK-da təsdiq olunmuş “Elektron ərizə”ni;

2. Orta təhsil haqqında sənədin əslini (2011-ci ilin məzunları təlim dili və birinci yarım il üzrə qiymətləri göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı).

3. Şəxsiyyət vəsiqəsini.

4. Hərbi bilet və ya çağırışçı şəhadətnaməsini.

Müsabiqə iki mərhələdən ibarətdir. I mərhələdə abituriyentlər öz seçimləri əsasında TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. “Beynəlxalq iqtisadi əlaqələr” və “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olmaq istəyənlər II ixtisas qrupu üzrə, “Beynəlxalq hüquq” ixtisasına qəbul olmaq istəyənlər III ixtisas qrupu (DT altqrupu) üzrə imtahan verirlər. Test imtahanında bölməsindən asılı olmayaraq abituriyentlərə test tapşırıqları rus dilində təqdim olunur. Abituriyentlər xarici dil fənni kimi yalnız ingilis dilini seçə bilərlər.

Test imtahanı mayın 21-də keçiriləcək. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni 19 və 20 may tarixlərində TQDK-nın internet saytından çap edib götürəcəklər. Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplayan abituriyentlər müsahibəyə buraxılacaqlar. Müsahibə mayın 23-də keçiriləcək. Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaq. Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq.

İkinci mərhələ Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu tərəfindən Moskva şəhərində cari il iyun ayının 27-dən iyul ayının 3-dək aparılacaq. Bu mərhələdə abituriyentlər seçdikləri fakültədən asılı olmayaraq rus və ingilis dillərindən test imtahanı verəcəklər. “Beynəlxalq iqtisadı əlaqələr fakültəsi”nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.
İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları “www.mgimo.ru” saytından əldə etmək olar.
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna qəbul olanlardan aşağıdakı sənədlər tələb olunacaq:
1. Orta təhsil haqqında sənəd və onun Rusiya notariat kontorlarının biri və ya Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı konsulluğu tərəfindən təsdiq edilmiş tərcüməsi.

2. Milli pasportun surəti.

3. 3x4 sm ölçüdə ağ-qara, parıltısız 12 ədəd fotoşəkil.

4. Xroniki xəstəliklər barədə məlumatı əks etdirən tibbi arayış.

5. Döş qəfəsi orqanlarının rentgen (flüoroqrafik) müayinəsinin nəticəsi.

6. Tarixləri göstərilməklə edilmiş peyvəndlər (tetanus, qan, difteriya, vərəm) barədə tibb müəssisəsinin möhürü ilə təsdiqlənmiş məlumat.
7. Sifilis müayinəsinin nəticəsi.

8. VİÇ infeksiyasının olmaması barədə beynəlxalq sertifikat.
Yataqxanada yaşamaq üçün tələbələr ayda 3300-4800 rubl ödəyirlər. Ödəmə 12 və ya 6 ay üçün əvvəldən həyata keçirilir.
Azərbaycan Respublikasının vətəndaşları Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna qəbul olduqları təqdirdə 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək hüququnu itirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587

Oxşar yazılar