Media əməkdaşları “Heydər Zirvəsi”ndə - FOTO
10 may 2011 14:51 (UTC +04:00)

Media əməkdaşları “Heydər Zirvəsi”ndə - FOTO

Macəraxtaran Telelayihəsi və Aktiv Media Extremal Klubunun təşkilatçılığı, Nissan Azərbaycanın Baş Sponsorluğu ilə Heydər Əliyevin anadan olmasının 88 illiyi münasibətilə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivindəki “Heydər zirvəsi”nə yürüş keçirilib.

Lent.az-ın məlumatına görə, Quba rayonunun Xınalıq kəndi yaxınlığında, dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən zirvəyə yürüşə peşəkar bələdçilərin iştirakı ilə media nümayəndələri də qatılıb. Ekspedisiya qrupu mayın 7-də Bakıdan yürüşə başlayıb. Günün sonunda çətin keçidləri olan zirvəyə çatılmasına hazırlıq üçün Qızıl Qaya ətəklərində, dəniz səviyyəsindən 2500 metr hündürlükdəki “Atəşgah” adlanan ərazidə düşərgə qurulub. Mayın 8-də isə ekspedisiyya qrupu “Heydər zirvəsi”nə doğru hərəkət edib.

Ümumilikdə 10 saat çəkən yürüş zamanı iştirakçılar müxtəlif çətinliklərlə sinə gərməli olublar. Gecə saat 2-dən etibarən yağan qar hər tərəfi ağ örpəyə bürüdüyündən cığırlar görünməz hala düşüb. Bu iştirakçıların sürüşərək zədələnmə və soyuqdan donma təhlükəsini bir az da artırıb. Zirvəyə yaxınlaşdıqca daha da qatılaşan duman da yürüşdə çətinliklər yaradıb. Görüntü məhdudlaşdığından 5-6 metrlik məsafə güclə seçilib. Bu isə iştirakçıları dumanda yolu azma və sıldırımdan yıxılaraq zədələnmə təhlükəsi ilə üzləşdirib. Amma bütün bunlara baxmayaraq, ekspedisiya üzvləri missiyanın öhdəsindən uğurla gələ biliblər. Onlar “Heydər zirvəsi”nə qalxaraq Heydər Əliyevin barelyefi önündə olublar.

Yürüş başa çatdırıldıqdan sonra iştirakçılar düşərgəyə, oradan da paytaxta qayıdıblar.

Qeyd edək ki, “Heydər zirvəsinə” yürüş layihəsinin media partnyoru Lent.az, kommunikasiya dəstəyi Narmobile, qida dəstəyi SevimliDad, Dardanel, Papia, geyim partnyoru UnitedSport mağazası, sığorta partnyoru Başak İnam Sığorta Şirkəti, kreativ dəstəyi Azərbaycan Fotoqraflar Birliyi olub.

Layihənin koordinatoru Teymur Nəcəfzadədir. Yürüş barədə “Azərbycan Bələdçisi” telelayihəsi daxilində xüsusi veriliş də hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780

Oxşar yazılar