“Azxeber.com “un 1 yaşı qeyd olunub - FOTO
29 aprel 2011 17:21 (UTC +04:00)

“Azxeber.com “un 1 yaşı qeyd olunub - FOTO

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, tədbirdə saytın kollektivi, jurnalistika fakültəsinin müəllimləri, müxtəlif media qurumlarının təmsilçiləri və tələbələr iştirak ediblər.

“Azxeber.com” portalının redaktoru Əfsələddin Ağalarov saytın yaranması və 1 il ərzində gördüyü işlər barədə məlumat verib. Onun sözlərinə görə, portal internet jurnalistikadakı fəaliyyətinə “jurfak.tk” bloqu vasitəsilə başlayıb. Bloq kollektiv səciyyə daşıyıb. Burada Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələrinin yazıları, yaradıcılıq nümunələri yayımlanıb: “Daha sonra yaxın əhatəmizdəki insanların, xüsusən də müəllimlərimizin bizə verdiyi stimuldan cəsarətlənərək, fəaliyyətimizi daha da genişləndirmək qərarına gəldik. Beləcə 2010-cu ilin 13 aprel tarixində “Azxeber.com” yarandı. Portalda ölkədə və dünyada baş verən ən aktual xəbərlər yerləşdirilir. “Siyasət”, “sosial”, “şou-biznes”, “idman”, “seçdiklərimiz”, “gənclik”, “maraqlı” adlı bölmələrimiz var”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, xəbər jurnalistika janrları sırasında ən çətinidir, internet jurnalistikada isə onu istehsal edənin reytinqi xəbərin keyfiyyəti ilə ölçülür: “Belə görürəm ki, portalda çalışanlar aldıqları jurnalistika təhsilinə sadiq qalmağa çalışırlar. Bilik və bacarıqlarını yeni media imkanları ilə uyğunlaşdırırlar. Mətbuat Şurası məhz bu səbəbdən “Azxeber.com”u “Ən perspektivli media qurumu” diplomu ilə təltif edir. Ümidvaram ki, portal fəaliyyət istiqamətlərini daha da genişləndirəcək və yeni-yeni nailiyyətlərə imza atacaq”. Əflatun Amaşov Mətbuat Şurasının diplomunu “Azxeber.com” portalının redaktoru Əfsələddin Ağalarova təqdim edib.

BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli daim tələbələri ilə öyündüyünü söyləyib: “Son dövrlər Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bir canlanma, yeni nəfəs hiss olunmaqdadır. Etiraf etməliyik ki, bu prosesdə müəllimlərdən daha çox, tələbələrin təşəbbüsləri və fəaliyyətləri əsas rol oynayır. Gəncləri həvəsləndirmək, gələcəyə ümidləndirmək biz müəllimlərin borcudur”

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun jurnalistika fakültəsinin müdavimlərinin daim istedadları və dünyagörüşləri ilə digər tələbələrdən seçildiklərini önə çəkib. Baş redaktor qeyd edib ki, 1 yaşını qeyd edən “Azxeber.com” portalının yaranması və fəaliyyəti də məhz həmin fakültənin tələbələri olan Əfsələddin Ağalarov və Hacıbəy Heydərlinin gərgin əməyinin nəticəsidir. Saytı müntəzəm olaraq izlədiyini deyən Akif Aşırlı diqqəti orada gün ərzində 30-dan çox xəbərin yayımlanmasına çəkib: “Sayt bəzi eksklüziv xəbərlərə də imza atmaqdadır. İstərdim ki, portal və kollektivi inkişaf tempini qorusun, hadisələrə daim obyektiv, qərəzsiz və vicdanlı yanaşsın”.

Azəri Press Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı jurnalistika fakültəsinin tələbələri üçün yaradıcılıq labaratoriyasının olmasının vacibliyini vurğulayıb: “Görünür, tələbələr həmin labaratoriyanı “Azxeber.com”un timsalında artıq yaradıblar. Əminəm ki, onlar gələcəkdə daha böyük layihələrə imza atacaqlar”.

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin müəllimi Qulu Məhərrəmli bildirib ki, “Azxeber.com” portalı qısa müddətdə tələbələrin yaradıcılıq meydanına çevrilib: “Saytın fəaliyyətə başlaması ilə jurnalistika fakültəsindəki sükut pozuldu. Bunu edən siz gənclər oldunuz. Gələcəkdə qarşınıza daha böyük məqsədlər qoymanızı və onlara çatmanızı arzu edirəm”.

Tədbirdə çıxış edən digər şəxslər də təbriklərə qoşularaq, “Azxeber.com”un kollektivinə qarşıdakı fəaliyyətində uğurlar arzulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 775

Oxşar yazılar