DİQQƏT: Azərbaycanda geomaqnit həyəcanlanması olacaq
18 aprel 2011 17:50 (UTC +04:00)

DİQQƏT: Azərbaycanda geomaqnit həyəcanlanması olacaq

0
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyanın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktoru müavini Elçin Babayev bildirib. Baş verən hadisənin bəzi KİV-lərdə yanlış olaraq geomaqnit qasırğası kimi qələmə verildiyini deyən E. Babayev belə məlumatların əhalidə təşviş yaratdığını deyib:

“Geomaqnit həyəcanlanmasının xarakterizə edən əsas indekslərdən biri olan Kp indeksinin qiyməti hazırda 3-dür. Bu, kiçik səviyyəli həyəcanlanmanı göstərir. Kp indeksi maksimum 9 qiymət ala bilər. Həyəcanlanma artsa da, bizim en dairələrində heç bir maqnit qasırğası gözlənilmir, bu, birmənalıdır”.

E. Babayev aprelin 20-21-də baş verəcəyi gözlənilən həyəcanlanmanın səbəblərini də açıqlayıb: “Əsas həyəcanlanma aprelin 20-si axşamdan başlayacaq və aprelin 21-də hiss olunacaq. Buna səbəb Günəşin səthində tac dəliyindən yüksək sürətli plazma selinin yerətrafı fəzaya çatması və yerin maqnit sahəsinin həyəcanlandırmasıdır. Yerli geomaqnit həyəcanlanmasının başlanması üçün Kp indeksi ən azı 4 və 4-dən böyük olmalıdır. Hazırda günəşin səthində 67 ləkə və 3 ləkə regionu var və hələlik zəif alışmalar qeydə alınır. Dediyimiz ki, əsas həyəcanlanma mənbəyi tac dəliyindən gələn yüksək sürətli plazma selinin yerətrafı fəzaya çatmasından sonra ola bilər. Nədənsə aprelin 20-21-də olacaq həyəcanlanmanı geomaqnit qasırğası kimi qələmə verirlər. Bu, qətiyyən belə deyil. 2003-cü ilin oktyabrın sonu-noyabrın əvvəlində həqiqətən güclü geomaqnit qasırğası olmuşdu. Bu, bizim en dairələrində də hiss olunurdu, texniki sistemlərə də təsir etmişdi. Bu isə 11 ildə bir və ya iki dəfə olan hadisədir”.

E. Babayev bildirib ki, son günlər atmosfer təzyiqində kəskin qalxıb-düşmələr baş verir. Meteoşəraitin belə dəyişməsi insanlarda diskomfort yaradır: “Bunu kosmik havanın təsiri ilə qarışdırırlar. Sadəcə, əgər meteoşərait dəyişirsə və geomaqnit həyəcanlanması varsa, bunların üst-üstə düşməsi birgə effekt verir. Müxtəlif səbəblərdən baş verən baş ağrılarını kosmik hava ilə əlaqələndirmək kütləni təşvişə salmaqdır. Tövsiyə olunur ki, risk qrupuna daxil olan insanlar, yaşlılar, xroniki xəstələr və az yaşılı uşaqlar belə hallarda aktiv şəkildə istirahət etsinlər”.

E. Babayev baş verən hadisənin sadə və adi hal olduğunu deyib: “Sadəcə, 2013-2014-cü illərdə Günəş 11 illik Günəş siklinin maksimumuna yaxınlaşacaq. Getdikcə Günəşdə alışmalar və tac atılmaları artacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 737

Oxşar yazılar