Kənd yollarına da radarlar yerləşdirilir
18 aprel 2011 11:00 (UTC +04:00)

Kənd yollarına da radarlar yerləşdirilir

Azərbaycan yollarında avtomobillərin hərəkətinin nizamlanması məqsədi ilə istifadə olunan radarların yerləşdirilməsində xeyli dəyişikliklər edilib. Lent.az-ın əməkdaşlarının paytaxtdan Qazax rayonunadək təxminən 550 kilometrlik məsafədə apardığı müşahidə bunu deməyə əsas verir. Artıq yol kənarlarındakı mülki avtomobillərdə, ağac, dirək arxalarında, xəndəklərdə səyyar radar görmək və bu radarlara yaxalanmaq mümkün deyil.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Lent.az-a də artıq mülki avtomobillərdə və bu kimi başqa yerlərdə radarların yığışdırıldığını təsdiqləyib: “Mülki avtomobillərdə yerləşdirilmiş radarların yığışdırılmasına çoxdan qərar verilib. Lakin bu o demək deyil ki, sürəti tənzimləyən radarların sayı azaldılıb. Biz mütəmadi olaraq yollarda qəzalılıq təhlilləri aparırıq və radarları da, həmin istiqamətdə yönəldirik ki, sürət həddi aşılmasın”.


K.Əliyev onu da bildirib ki, son vaxtlarda qəzalılıq tempi və ölüm hadisələrinin sayı rayonlararası və yerli əhəmiyyətli yollarda xeyli artıb. Bu səbəbdən də həmin istiqamətlərə diqqət artırılıb: “Bəzən yaxşı vəziyyətdə olan kənd yollarında, istirahət mərkəzlərinə gedən yollarda polis əməkdaşı və ya radar olmadığına görə sürət həddi artırılır, gözlənilməz qəzalar baş verir. 2-3 nəfərin ölümü ilə nəticələnən qəzalar olur. Təhlillərimiz göstərir ki, həmin yollarda da radarların yerləşdirilməsinə ehtiyac var və bu istiqamətə diqqəti xeyli artırmışıq. Artıq həmin yollarda xeyli tədbirlər görülüb”.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526

Oxşar yazılar