Nazir: “Belə hadisələrə hazır olmaq lazımdır”
13 aprel 2011 13:00 (UTC +04:00)

Nazir: “Belə hadisələrə hazır olmaq lazımdır”

“Çirkli yağışların nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir. Bu, qlobal proseslərin nəticəsidir”. Lent.az-ın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Onun sözlərinə görə, bu prosesin nə qədər davam edəcəyini proqnozlaşdırmağı öz üzərinə götürməyə heç kəs risk etməz: “Müəyyən müddətlərdə, 2-3 ildən bir Azərbaycanda bu olur. Ya Əfqanıstan, Pakistandan, Orta Asiya və ya Ərəbistan yarımadasından toz burulğanları ilə yüksək təbəqələrə qalxan xırda hissəciklər hava axınları ilə gətirilir. Məsələn, bu yaxınlarda Almaniyada çovğun baş verdi. Almaniyaya gedib çıxırsa, Azərbaycana da gələ bilər. Amma son illər bunların sayı çoxalıb. Bunlar da iqlimdə qlobal sabitliyin pozulmasının nəticəsidir”.

Nazir bildirib ki, son illər iqlimin sabitliyi pozulub, dəyişikliklər baş verir. Nəticədə bu, fərqli-fərqli formalarda özünü göstərir, o cümlədən bu şəkildə. H.Bağırovun sözlərinə görə, belə hadisələrə hazır olmaq lazımdır: “Ümumiyyətlə, hesab olunur ki, bunun Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aidiyyatı yoxdur. İnsan sivilizasiyası bir qayda olaraq, qeyri-sabit olub. Bu, qlobal iqlimin nisbətən qısa müddət üçün sabitləşdiyi dövrdə, bir neçə on illikdə yaranıb. Ola bilsin ki, bu sabit dövr başa çatır, yaxud bu, qısa müddətli hadisədir, ya da insan təsiri nəticəsində gedən qlobal biristiqamətli prosesdir. Bu, artıq daha elmi xarakter daşıyan araşdırmaların nəticəsidir. Bizim vəzifəmiz gündəlik baş verən hadisələrin səbəbini öyrənmək, izləmək və insanları xəbərdar etməkdir ki, biz də bunu edirik. Yağışların belə tozla müşayiət olunması yerli tozla bağlı ola bilməz. Çünki buludlar Bakının üzərində formalaşmayıb, haradansa gəlib. Son zamanlar baş verən toz burulğanlarının səbəbi aydındır. Cənub-şərqdə, cənubda baş verən toz tufanları ilə gəlmiş xırda toz dənəcikləridirlər”.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 675

Oxşar yazılar