“Azərcell”in borcu, verilməyən ev, “Space”nin bərbad olan layihəsi –
05 aprel 2011 19:27 (UTC +04:00)

“Azərcell”in borcu, verilməyən ev, “Space”nin bərbad olan layihəsi –

Ötən il “Space” kanalında “Sevənlərə hədiyyə” adlı layihə keçirildi. Layihənin əsas məqsədi iştirakçı cütlüklər arasında SMS-lə qalibi müəyyənləşdirmək, qalib cütlüyün toyunu edərək, onlara ev hədiyyə etmək idi. Veriliş artıq bir neçə aydır başa çatıb. Qalib cütlüyə toy da çalınıb. Lakin vəd olunan ev hələ də verilməyib. Problemlə əlaqədar müsabiqədə qalib gəlmiş cütlük Elvin Hüseynov və Çinarə Rzaquliyeva Lent.az-a müraciət etdilər.

İlk olaraq özü barədə məlumat verən Elvin dedi ki, o, 1989-cu ildə Sabirabadda dünyaya gəlib. Ailədə 4 uşaq olublar. Valideynləri ayrılandan sonra anasının səhhəti fiziki cəhətdən normal olmadığından və maddi imkansızlıqdan uşaqlar 1996-cı ildə Lənkəran şəhərində yerləşən Osman Mirzəyev adına qarışıq tipli uşaq evinə verilib. Ötən il ailə qurduğu həyat yoldaşı Çinarə Rzaquliyeva ilə də elə bu uşaq evində 2006-cı ildə tanış olub, bir-birlərini seviblər. Ancaq maddi imkan və ev olmadığından ailə qura bilməyiblər. Lakin “Space” kanalında yayımlanan “Sevənlərə hədiyyə” layihəsi barədə eşidəndə ümidlərini bu verilişə bağlayaraq ora qoşulmaq qərarına gəlirlər. Bundan sonrasını Elvin özü danışır.

- Bu layihəyə əvvəl müğənni Vüsal Əliyev rəhbərlik edirdi. Veriliş bir neçə dəfə canlı yayımlandıqdan sonra hansısa səbəblərdən Vüsal Əliyev verilişi tərk etdi. Ondan sonra layihə aktyor Ramiz Hüseynzadəyə tapşırıldı və onun təşkilatçılığı ilə davam etdirildi. Biz verilişə qatılmaq üçün Ramiz Hüseynzadəylə görüşdük. Bizə blank verdilər, onu doldurduq. Sonradan bildik ki, onun bir nüsxəsi bizdə qalmalı idi. Amma ikisini də özləri götürdülər. 2010-cu ilin may ayında veriliş başladı. SMS vasitəsilə finala çıxıb birinci olan cütlüyə ev hədiyyə veriləcəkdi. İkinci yerin qalibinə maşın, üçüncü yerə mebel verilməliydi. Yəni, əvvəldən belə deyilmişdi. Sonradan maşını oyundan çıxardılar. Veriliş 6 ay davam etdi. Oktyabrın 21-də son veriliş efirə getdi. Finala bizdən başqa uşaq evindən olan bir cütlük də çıxmışdı. Son efir günü hələ veriliş başlamamış Ramiz o biri cütlüyə - Turala dedi ki, “sən verilişdə de ki, biz oyunu Elvingilin xeyrinə geri götürürük”. Niyə belə dedi bilmədik. Tural da gedib kiminləsə söhbət etdi, qayıdandan sonra razılaşmadı ki, “yox, kim udacaqsa o da qalib olacaq”. Həm də son efir günü SMS qəbulunu birdən-birə dayandırdılar. Halbuki əvvəldən belə deyildi. Hər dəfə dueldə olanda xalqa müraciət edərək SMS istəyirdik və nə qədər SMS gəlirdi. Amma son efir günü qalib SMS-lə elan olunmadı. Ümumiyyətlə, anlaşılmazlıq oldu. O biri cütlüyə mebeli təqdim etdilər. Bizə isə heç nə. Heç, kimin birinci, kimin ikinci olduğu da deyilmədi. Sonra da bizə dedilər ki, “sizə toy edəcəyik. Toyda yığılan pulu bizə verərsiz, onunla sizə ev alacağıq”. Toyda nə pul yığılacaq ki? Sağ olsun “Anar” şadlıq sarayının rəhbəri İsrafil müəllim. Oktyabrın 25-də təmənnasız bizim toyumuzu etdi. Üstəlik siyahıya da pul yazdırdı. Toydan qabaq Ramiz dedi ki, “siz toya heç kimi çağırmayın, mən özüm böyük adamları çağıracam ki, yaxşı pul yığılsın. Özü də qapıda mühafizəçi saxlayacam, gələn əvvəl pul salsın, sonra girsin içəri. Pulun başında biz duracağıq, toy qurtarandan sonra pulu biz götürəcəyik”. Buna görə mübahisə düşdü. Razılaşmadıq ki, mənim dostlarım uşaq evində olanlardır, onlarda pul nə gəzir. Ayın 25-i toy oldu. Toydan da cəmi 1400 manat pul yığıldı. Televiziya layihəsində nəzərdə tutulan ev, guya bizə toy zamanı təqdim olunacaqdı, ancaq bu da baş vermədi.

Elvin Hüseynov deyir ki, toydan sonra da bir neçə dəfə Ramiz Hüseynzadəylə görüşüb söhbət ediblər. Ancaq bir xeyri olmayıb: “Hər dəfə bir söz dedilər. Aylardı belə davam edir. Heç bir xəbər yoxdur. Hətta “Space”ə gedib Kamil Şahverdi ilə görüşdük. Dedi, “Azercell”in borcu var. O pul veriləndə sizə ev alınacaq”. Biz o layihəyə evə görə girdik. Ancaq evdən də olduq, işdən də. Layihədə iştirak etdiyim müddətdə vaxtında gedə bilmədiyim üçün işdən çıxarıldım. Sonradan gedib üzrxahlıq etdim, müdir məni yenidən işə götürdü. İndi kirayədə qalırıq. Maaşla da kirayə pulunu ancaq ödəyirik. Biz bununla əlaqədar lazımi instansiyalardan kömək istəyirik. Bizim hüquqlarımızı qorusunlar, xalqın dəstəyilə qazandığımız evin bizə verilməsində öz köməklərini əsirgəməsinlər”.

“Space” telekompaniyasının icraçı direktoru Kamil Şahverdi məsələ ilə əlaqədar Lent.az-a bildirib ki, “Sevənlərə hədiyyə” layihəsinin təşkilatçısı “SPS production” olub. “Space” kanalı onlara sadəcə efir vaxtı verib: “Təşkilatçı biz olmadığımıza görə, bütün suallar da onlara ünvanlansa, yaxşı olar. Mən sadəcə onu deyə bilərəm ki, bu gənclərin vəziyyətini nəzərə alaraq, onları qəbul etdim, görüşdüm. Dedim ki, həqiqətən problem var. Yəni, “Azercell”dən müəyyən məbləğ alınmalıdır. Çünki SMS-lər gəlib, amma pul ödənməyib. “Azercell”in də hazırda bununla bağlı məhkəmə prosesi var”.

Məsələ ilə əlaqədar Ramiz Hüseynzadə ilə də əlaqə saxladıq. O bildirdi ki, veriliş başlayandan xeyli sonra layihənin prodüseri kimi çalışıb. Belə ki, layihənin rəhbəri müğənni Vüsal Əliyev birdən-birə verilişi tərk etdi. Məhz bundan sonra o, layihəni sona çatdırıb: “Elvinlə Çinarə haqlıdırlar. Həqiqətən də qalibə ev verilməli idi. Amma özləri də bilirlər ki, bitənə yaxın Vüsal Əliyev layihəni tərk etdi. Səbəbini dəqiq bilmirəm, şəxsi problemlərinə görəmi, yoxsa başqa şeyə görə. O vaxtdan bəri onu görməmişik. Onun layihə işçilərinə, aparıcılarına, prodüserlərə, redaktorlara də borcu var. Mən Vüsal Əliyevi də qınaya bilmərəm. Çünki dəqiq bilmirəm nə problemi vardı. Amma bu şeylərə görə layihə məhv oldu. Layihə xeyriyyə məqsədilə düşünülmüş bir layihə idi. Mən də “Space”in təşəbbüsü ilə bu layihəni sona çatdırmışam. Açıq deyim ki, bu layihədə tək onlara yox, digər şirkətlərə də borc qalıb. Hətta mən də maaşımı almamışam. Sadəcə bəzi sponsorlardan öz pulumu götürə bilmişəm”.

Ramiz Hüseynzadə cütlüyün toy məclisinin pulsuz həyata keçirilməsi fikrilə razılaşmadı: “Anar” şadlıq sarayı tərəfindən təmənnasız toy olmayıb. Efir müddətində oranın reklamını etmişik, onlar da bunun əvəzində toy ediblər. Onların nişanları da veriliş zamanı oldu. Əlikram Bayramov gənclərin üzüyünü aldı. Onlar sadəcə başa düşmürlər ki, bütün bunları təşkil edən biz olmuşuq. Əslində mən də o cütlüyün qalib olmasını istəyirdim. Çünki ən çox onların ehtiyacı vardı. Onlar bizə uşaq evinin cütlüyü kimi gəlmişdilər. Ancaq toy günü bildik ki, Elvin kimsəsiz deyil, əmisi və başqa qohumları da var. Çinarəsə həqiqətən kimsəsiz olub. Hətta biz veriliş müddətində iki-üç dəfə Xaçmaza gedib Çinarənin 12 il görmədiyi qohum-əqrəbasını tapdıq. Xəbəri yox idi ki, anası rəhmətə gedib. Yəni, biz layihə boyu onlara qarşı pis olmamışıq. Belə şeyi demək düzgün deyil, amma şəxsən mən özüm onlara çox köməklik etmişəm. Hətta Elvini bəylik geyimilə təmin etdirdim. Onu da danmaq olmaz ki, verilən bütün hədiyyələr, toy bizim zəhmətimiz hesabına olub. Biz efirdə də imkanlı şəxslərə müraciət etdik ki, kömək etmək istəyənlər toya gəlsinlər. Biz o toydan bir qəpik də pul götürməmişik. Şəxsən mən öz cibimdən pul xərcləmişəm. Nə qədər pul yığıldığını da bilmirəm”.

R. Hüseynzadə qeyd etdi ki, cütlüyə vəd olunan evin verilməməsinin səbəbi gələn SMS-lərin pulunun köçürülməməsidir: “Əvvəldən də söhbət belə oldu ki, SMS-lərin pulu alınan kimi Elvinlə Çinarəyə ev alınıb veriləcək. Amma SMS-lərdən gələn pulu “Azercell” hələ köçürməyib. Çünki “Azercell” hazırda pulu köçürən tərəflə məhkəmə prosesindədir. Biz də gözləyirik ki, o pul köçürülsün. Bu məsələdə sadəcə bir az səbir lazımdır. Onların da səbri yoxdur görünür. Ancaq özləri də çox gözəl bilirlər ki, burda mənim günahım yoxdur. Mən layihədə bir işçi olmuşam, təşkilatçı yox. Sadəcə nəyə görəsə ən çox mənim adımı hallandırırlar. O da ona görə ki, layihə rəhbəri ortalıqda yoxdur, ondan heç nə tələb edə bilməyəcəklər. Deyəsən heç Azərbaycanda da yoxdur. Ona görə də məndən tələb edirlər. Onların ev tələb etməyə haqqı var. Amma bizi günahlandırmağa haqları yoxdur. Tələblərini də düzgün formada etsinlər, kimisə günahlandırmaqla yox. Onlara son sözüm odur ki, “Azercell” pulu ödəyən kimi onlara ev alınıb veriləcək”.

Xəyalə MURADLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2200

Oxşar yazılar