TQDK hüquq-mühafizə orqanlarına müraciət etdi
31 mart 2011 13:02 (UTC +04:00)

TQDK hüquq-mühafizə orqanlarına müraciət etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) nəşrlərini qeyri-qanuni yollarla çap etdirənlərlə bağlı inzibati tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Komissiyanın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, müəyyən qüvvələr TQDK-nın müxtəlif nəşrlərinin, o cümlədən test kitabları, dərs vəsaitləri və “Abituriyent” jurnalının ayrı-ayrı saylarını qeyri-qanuni yolla çap etdirir. Son vaxtlar həmin qüvvələr Bakı şəhəri, ölkənin digər şəhər və rayonlarında nəşrlərin satışını təşkil etməkdə fəallaşıblar. İndiyədək saxta nəşrlərin satışının qarşısının alınmasında vergi işçiləri tərəfindən xeyli operativ tədbirlər görülsə də, təəssüf ki, saxta nəşrlərin çapı, yayımlanması və satışı hələ də dayandırılmayıb.

TQDK-da bildirirlər ki, saxta çap məhsullarının ekspertizası onlarda çox ciddi elmi, texniki, çap qüsurları və digər zərərli cəhətlərin olduğunu göstərir. Saxta nəşrlər hazırlanarkən mövcud poliqrafiya normaları gözlənilmədiyindən və ya materiallar əsl nüsxələrin üzündən skaner üsulu ilə götürüldüyündən çapın keyfiyyəti itir, bu da nəticə etibarı ilə istifadəçilərin görmə qabiliyyətinə zərər vurur. Çap işləri kustar mətbəələrdə kustar üsullarla aparıldığına, burada gigiyenik normalar gözlənilmədiyinə və çap zamanı ekoloji cəhətdən keyfiyyətsiz, zərərli boya və kağızlardan istifadə edildiyinə görə hazırlanan çap məhsulları onlardan istifadə edənlərin sağlamlığına mənfi təsir göstərir. Həmçinin saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verilir, materialların məzmunu təhrif edilir və ya bunlar köhnəlmiş olur, yeni qəbul və tədris proqramlarına uyğun gəlmir. Əksər vaxtlarda saxta nəşrlərdə köhnəlmiş, aktuallığını itirmiş və ya istifadədən çıxarılmış materiallar yenidən çap edilərək satışa çıxarılır.

Bundan başqa, bir çox hallarda saxta çap məhsulları hazırlanarkən TQDK-nın buraxdığı son nəşrlərin üz qabığından istifadə edilsə də, onların içərisi köhnə nəşrlərin materiallarından ibarət olur. Bu da onlardan istifadə edənləri çaşdırır, özləri istəmədən belə onların hazırlıq prosesində, təlimində səhvlərin yer almasına səbəb olur. Bu səbəbdən də TQDK qeyri-qanuni əməllərin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar