“Radiasiya fonunun yüksəlməsi Azərbaycana təsir etməyib”
31 mart 2011 12:15 (UTC +04:00)

“Radiasiya fonunun yüksəlməsi Azərbaycana təsir etməyib”

Ətraf mühit və insan sağlamlığı üçün ən böyük təhlükə təbii mühitin radioaktiv çirklənməsidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, atmosferə radioaktiv maddələr təbii radioaktiv proseslər vasitəsilə, uran filizləri çıxarıldıqda, reaktorların istismarı zamanı və atom partlayışları nəticəsində daxil olur.


Təbii radioaktivlik atmosferə xasdır, o təbiətdə həmişə mövcuddur və insan fəaliyyətindən asılı deyil. Canlı orqanizmlər belə radioaktivliyə uyğunlaşıb və bu heç bir zərərli nəticəyə səbəb olmur. Radiasiya fonu-kosmik şüalanmanın torpaq, hava və ətraf mühitin digər obyektlərindəki izotopların miqdarının insan və digər orqanizmlər üçün zərər verməyən ionlaşmış radiasiyanın təbii dərəcəsidir. Radiasiya fonu lokal olaraq dəyişir.


Bir sıra mütəxəssislərin fikirlərinə görə, Yaponiyanın “Fukuşima-1” Atom Elektrik Stansiyasından sızma nəticəsində yaranan radioaktiv buludlar artıq Avropaya çatsa da, bu insan sağlamlığına zərər verməyəcək, çünki bu, ölkələrin üzərindəki atmosferə cüzi miqdarda təsir edir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin fikirlərinə görə, bu qazların Azərbaycan ərazisinə daxil olma ehtimalı yoxdur, Azərbaycanda radiasiya təsiri və təhlükəsi gözlənilmir. Buna səbəb küləyin əks, yəni Amerika qitəsi istiqamətinə əsməsidir. Fərqli vəziyyətin yaranacağı təqdirdə belə, buludlar Tayqa meşələri və okeanın üzərindən keçərkən öz radioaktivlik təhlükəsini itirir. Atmosfer havasında olan ağır izotoplar okean və torpaq üzərinə çökür və onların ətraf mühitdə parçalanma müddəti radionuklidlərdən fərqli olaraq qısa müddətlidir.


Respublika ərazisində ölkənin radioaktivlik təhlükəsizliyini təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müntəzəm olaraq monitorinqlər aparılır və məlumatlar təhlil olunaraq alınmış nəticələr əsasında hazırlanmış bülletenlər aidiyyəti dövlət icra orqanlarına göndərilir və Nazirliyin internet səhifəsində yerləşdirilir. 25-30 mart 2011-ci il tarixlərində Respublika ərazisində Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən aparılmış növbəti monitorinqlərin nəticələrinə görə günəş şüalarının fəallığından və dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq gündəlik təbii radiasiya fonu mövsümə uyğun olmuş, atmosfer aerozollarının ümumi β-radioaktivliyi üzrə aparılan analizlərin təhlili isə sutkalıq normanı keçməyib.


Ölkə ərazisində təbii mühitin radiasiya şəraitinə 2 göstərici üzrə nəzarət olunur:

1. atmosfer aerozollarının ümumi β-radioaktivliyi üzrə 11 məntəqədə (Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Zaqatala, Şəki, Quba, Naxçıvan, Ağstafa, Ağcabədi və Neft daşları);


2. təbii radiasiya fonu üzrə 42 müşahidə məntəqəsində (respublikanın digər rayonlarında) və Respublikanın 6 sərhəd bölgəsində (nüvə texnologiyalarından istifadə edən ölkələrlə sərhəd olan Qazax, Sədərək, Beyləqan, Astara, Quba rayonlarında və Pirallahı adasında) quraşdırılmış avtomatlaşdırılmış monitorinq sistemləri vasitəsilə.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1109

Oxşar yazılar