Fizuli Ələkbərov işçilərinə xəbərdarlıq etdi
29 mart 2011 18:14 (UTC +04:00)

Fizuli Ələkbərov işçilərinə xəbərdarlıq etdi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində cari işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib. Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a bildiriblər ki, nazir Fizuli Ələkbərovun sədrliyi ilə keçirilən müşavirədə əlil və şəhid ailələri üçün yeni mənzillərin tikintisi, ünvanlı sosial yardımın təyinatı, əlillik təyinatlarının aparılması, əhalinin səmərəli məşğulluğunun təminatı, əlillərin reabilitasiyası, müəssisə, idarə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahələrində vəziyyət geniş təhlil olunub.

Fizuli Ələkbərov müşavirədə çıxış edərək əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, bu sahədə şəffaflığın artırılması, korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. O qeyd edib ki, ünvanlı sosial yardımın təyinatı, əlillik təyinatlarının aparılması, əlillərin reabilitasiyası ilə əlaqədar vətəndaşların ərizə və şikayətlərinə, habelə nazirliyin 142 nömrəli “Qaynar xətt”i vasitəsilə daxil olmuş müraciətlərə qanunauyğun şəkildə baxılmasına nəzarət gücləndirilib. Bununla bağlı nazirlikdə və respublikanın müxtəlif regionlarında müşavirələr keçirilib və struktur rəhbərləri qarşısında konkret tələblər qoyulub.

Fizuli Ələkbərov ərizə və şikayətlərin vətəndaşların özlərinin iştirakı ilə yerində araşdırılmasının təmin edildiyini, aztəminatlı əhali qruplarına dövlət qayğısının çatdırılması işlərində şəffaflığın artırılması məqsədilə vətəndaş cəmiyyəti nümayəndələrinin daha geniş iştirakına şərait yaradıldığını da deyib. Həmçinin fəaliyyəti əhalidə haqlı narazılıq yaradan struktur rəhbərləri və əməkdaşları cəzalandırılıb. Onun sözlərinə görə, bu sahədə həyata keçirilən tədbirlərin müsbət nəticəsi kimi, vətəndaşlar tərəfindən nazirliyə və ayrı-ayrı instansiyalara ünvanlanan şikayət xarakterli müraciətlərin sayında ciddi azalma müşahidə olunmaqdadır.

Nazir çıxışının sonunda vəzifələrinin icrasına səhlənkar və məsuliyyətsiz yanaşan struktur rəhbərləri və əməkdaşları barəsində ciddi tədbirlərin bundan sonra da davam etdiriləcəyini, o cümlədən ünvanlı dövlət yardımının və əlilliyin təyinatında qanunsuzluq hallarına, korrupsiya faktlarına yol verən işçilərin sərt şəkildə cəzalandırılacağını, onların barəsində dərhal hüquq-mühafizə orqanlarına müraciət olunacağını bildirib.

Müşavirədə aztəminatlı əhali qruplarının aktiv tədbirlərə cəlb olunması işlərinin gücləndirilməsi, həmçinin Tovuz rayonunda sınaq işlərinə başlanılmış ”Özünədəstək” proqramı layihəsinin digər pilot rayonlarda (Masallı, İsmayıllı, Quba) da icrası, iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə, o cümlədən əmək müqavilələrinin bağlanması və layiqli iş şəraitinin yaradılmasına dövlət nəzarətinin həyata keçirilməsinə yeni yaradılacaq üç tərəfli Sosial Şuranın nümayəndələrinin bir qayda olaraq iştirakının təmin olunması və bu sahədə şəffaflığın artırılması barədə tapşırıqlar verilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 821

Oxşar yazılar