Dünyada 30 saniyədə 1 uşağı öldürən xəstəliyə Azərbaycanda 50 nəfər yoluxub
29 mart 2011 18:04 (UTC +04:00)

Dünyada 30 saniyədə 1 uşağı öldürən xəstəliyə Azərbaycanda 50 nəfər yoluxub

Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hər il dünyada təxminən 250 milyon malyariya hadisəsi qeydə alınır və bunlardan təxminən bir milyonu ölümlə nəticələnir. Malyariya xüsusilə Afrika regionu üçün böyük bəladır. Dünyada hər 30 saniyədə bir uşaq malyariyadan dünyasını dəyişir. Azərbaycanda malyariyaya görə vəziyyət 1990-cı ildən sonra çox sürətlə pisləşməyə başlayıb. Baş vermiş epidemiya 1996-cı ildə ən yüksək səviyyəyə çatıb. Həmin il malyariya hadisələrinin sayı 13135 olub. Ölkədə geniş miqyaslı əks epidemik tədbirlərin aparılmasının nəticəsində malyariyaya görə epidemioloji vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşıb və 2010-cu ildə cəmi 50 hadisə qeydə alınıb.

2005-ci ilin dekabrında Azərbaycan Avropa Regionu ölkələrində “Malyariya ilə mübarizədən onun eliminasiyasına doğru irəli” deklarasiyasına qoşularaq malyariya problemi ilə mübarizəyə siyasi dəstək və tərəfdarlığını bir daha təsdiq edib. 2008-ci ildə Azərbaycanda Malyariyanın Eliminasiyası üzrə 2008-2013-cü illər üçün Milli Strategiya və tədbirlər Planı qəbul edilib. Yeni milli strategiyanın son məqsədi, respublikanın malyariogen rayonlarında 2013-ci ilədək malyariya ilə yerli yoluxmaların kəsilməsi və onun eliminasiyasıdır. Hazırda Milli Strategiya uğurla həyata keçirilir.

Səhiyyə Nazirliyinin məlumatında o da qeyd olunur ki, 28-31 mart tarixində Ümumdünya Səhiyyə Təşkilatı Qlobal Malyariya Proqramının direktoru Robert Nyuman və Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosunun malyariya və digər parazitar xəstəliklər proqramının rəhbəri Mixail Ejovun Bakıya səfərləri başlayıb. Bu gün qonaqlarla səhiyyə nazirliyində görüş keçirilib. Görüşdə qonaqlar Azərbaycanda malyariya ilə mübarizə sahəsində əldə edilmiş nailiyyətlərlə tanış olub, eləcə də bu sahədə uğurlu və məhsuldar ikitərəfli əməkdaşlığın gələcək inkişaf yolları müzakirə olunub. Səfər çərçivəsində müvafiq idarə və müəssisələrin və tərəfdaş təşkilatların rəsmiləri ilə görüşlər aparılacaq, malyariyaya görə endemik ərazilərə baxış keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 614

Oxşar yazılar