Xəzərdə 3 seysmik stansiya qurulacaq
28 mart 2011 15:30 (UTC +04:00)

Xəzərdə 3 seysmik stansiya qurulacaq

Azərbaycanda ilk dəfə olaraq, Xəzərdə 3 seysmik stansiya qurulacaq. Hazırda bu barədə amerikalı mütəxəssislərlə birgə layihə hazırlanır. AMEA Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Lent.az-a bildirib ki, amerikalı mütəxəssislərlə aparılan birgə araşdırmalarda Azərbaycanda əsas zəlzələ ocaqlarının Xəzər dənizində yerləşdiyi təsdiqlənib. Bu səbəbdən də Xəzər dənizində 3 nöqtədə seysmik stansiyaların quraşdırılması artıq razılaşdırılıb. Onun sözlərinə görə, hazırda bununla bağlı sənədləşmə işləri və torpaqların ayrılması prosesi davam edir.


Qurban Yetirmişli bildirib ki, Xəzərdə qurulacaq 3 yeni stansiya zəlzələ ocaqlarının aktivliyini müşahidə edəcək. Onun sözlərinə görə, Xəzər dənizi zəngin neft-qaz yataqlarına malik olduğundan bu zonada seysmik proseslərin izlənilməsi xüsusi əhəmiyyət daşıyır: “İndi Xəzərin dibinin seysmikliyinin öyrənilməsi ən vacib məsələlərdəndir. Bizim burada quraşdıracağımız stansiyalar hər ölkədə yoxdur. Artıq avadanlıqların alınması üçün danışıqlar aparılır. Həmin cihazlar mərkəzləşdirilmiş sistemə qoşulacaq”.


Xəzər dənizindəki seysmik prosesləri izləyən cihaz “Ümid”, “Şahdəniz” və “Günəşli” yataqlarında dənizin dibində quraşdırılacaq. Stansiyanın peyk antenası, batareyası isə xüsusi platformada yerləşdiriləcək. Hər 3 seysmik stansiyanın bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.


Baş direktor onu da deyib ki, işğal altında olan ərazilərlə sərhəd zonalarında - Beyləqan, Ağdam, Füzulidə, eləcə də Yardımlı, Şamaxı, İsmayıllı, Zaqatala, Gəncə, Lənkəran və Naxçıvan bölgəsində də seysmik stansiyalar quraşdırılacaq. Bununla da Azərbaycan ərazisində seysmoloji stansiyaların sayı 35-ə çatdırılacaq. Onun sözlərinə görə, indiyədək qurulmuş seysmik şəbəkələr müasir cihazlarla təchiz edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530

Oxşar yazılar