Çaylarımız çirkləndirilir
25 mart 2011 13:02 (UTC +04:00)

Çaylarımız çirkləndirilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə mart ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mart ayının II ongünlüyündə Kür çayında suyun sərfi mart ayının I ongünlüyünə nisbətən 231 m3/san artaraq 387 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Şıxlı-2 və Ağstafaçay məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 2 dəfə YVQH-ni keçib.


Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 262 m3/san olub. Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,60-6,17 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 749

Oxşar yazılar