2 müəllimin diplomu saxta çıxıb
18 mart 2011 18:23 (UTC +04:00)

2 müəllimin diplomu saxta çıxıb

Bu gün Təhsil Nazirliyində yanvar-fevral aylarında nazirliyə daxil olmuş müraciətlərə baxılmasının vəziyyəti ilə bağlı iclas keçirib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, iclasda naziri Misir Mərdanov çıxış edərək bu ilin iki ayında nazirliyə daxil olmuş müraciətlərin araşdırılması vəziyyətindən danışıb. Misir Mərdanov deyib ki, yanvar ayında nazirliyin “qaynar xətt”inə 910, fevralda isə 2107 olmaqla, ümumilikdə 3017 müraciət daxil olub. Telefonla 2670, elektron poçt vasitəsilə 347 müraciətin daxil olduğunu söyləyən nazir qeyd edib ki, bütün müraciətlər dinlənilib, qeydə alınıb, araşdırılıb və cavablandırılıb.

Nazir bildirib ki, daxil olan müraciətlər əsasən, IX və XI siniflərdə keçirilən mərkəzləşdirilmiş yoxlama imtahanları, müəllimlərin işə qəbulu üzrə yeni mexanizmin tətbiqi, fənn olimpiadalarının, beynəlxalq olimpiadalar nəticələrinin öyrənilməsi, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin təşkili, xaricdə təhsil alan tələbələrin ölkəmizin təhsil müəssisələrinə köçürülməsi, özəl ali təhsil məktəblərində dövlət vəsaiti hesabına təhsil alan tələbələrin təqaüdlə təmin olunması, təhsil müəssisələrində adambaşına maliyyələşməyə keçilməsi, xaricdə təhsil, müəllimlərin dərs yükü ilə təmin olunması, əmək haqqının hesablanması, təhsil sənədlərinin tanınması və digər məsələlərlə bağlı olub.

Misir Mərdanov qış imtahan sessiyası dövründə ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı qəbul edilmiş 200-dən çox müraciətin 69-da şikayət və nöqsanlardan bəhs olunduğunu vurğulayıb. Onun sözlərinə görə, imtahan sessiyasının gedişi ilə əlaqədar Bakı Dövlət, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Tibb, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Texniki, Azərbaycan Dillər, Sumqayıt Dövlət universitetləri, Azərbaycan Dövlət Neft Akademiyası və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələr daha çox apelyasiya qaydasında qiymətlərinin yüksəldilməsinə köməklik göstərilməsini xahiş ediblər. Misir Mərdanov bununla əlaqədar Təhsil Nazirliyinin müvafiq şöbə əməkdaşlarının ali təhsil müəssisələrinin nümayəndələri ilə birgə araşdırmalar apardıqlarını və tələbələrin biliyinin imtahanda göstərdikləri nəticələrə əsasən obyektiv qiymətləndirildiyini bildirib.

Təhsil naziri özəl ali təhsil müəssisələrindən daxil olmuş müraciətlərin isə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti, Bakı Biznes Universiteti və Qafqaz Universiteti ilə bağlı olduğunu söyləyib. Nazir bu müraciətlərdə imtahanın keçirilməsi qaydalarının pozulması və məzunlara diplomların verilməməsi, dövlət hesabına özəl ali təhsil müəssisəsində təhsil alan tələbələrə təqaüdlərin ödənilməsində yaranmış problemlərlə əlaqədar şikayətlərin öz əksini tapdığını qeyd edib. Orta ixtisas təhsili müəssisələri ilə əlaqədar Bakı Dövlət Sosial-İqtisadi, Bakı Dövlət Rabitə və Nəqliyyat, Ağcabədi Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərindən daxil olmuş müraciətlərdə imtahan qiymətlərindən narazılıq, tələbələrin imtahanlara buraxılmaması və digər məsələlərin əks olunduğu diqqətə çatdırılıb.

Nazir onu da əlavə edib ki, “qaynar xətt” xidmətinə daxil olan müraciətlərin araşdırılması nəticəsində 2 müəllimin diplomunun saxta olduğu üzə çıxıb. Bununla əlaqədar hər iki müəllim işdən azad edilib və sənədlər Respublika Baş Prokurorluğuna göndərilib. Misir Mərdanov onu da deyib ki, Bakı şəhərindəki 37 nömrəli məktəbin direktor müavini N.Əliyevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət, həmin məktəbin direktoru İ.Əliyevə xəbərdarlıq, 153 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Ş.Musayevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 627

Oxşar yazılar