Sığorta biznesini necə inkişaf etdirməli?
16 mart 2011 12:57 (UTC +04:00)

Sığorta biznesini necə inkişaf etdirməli?

Bu gün Bakıda “Azərbaycanda sığorta bazarı: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib. Lent.az-ın məlumatına görə, Bakı Biznes Mərkəzində təşkil olunan konfransda Maliyyə Nazirliyinin rəhbər işçiləri, Milli Məclisin iqtisadiyyat komitəsinin sədri, ölkədə sığorta fəaliyyəti göstərən şirkətlərin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən millət vəkili, Milli Məclisin iqtisadiyyat komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanda sığorta biznesinin ölkə iqtisadiyyatındakı rolundan və onun inkişaf perspektivlərindən danışıb. Millət vəkili deyib ki, “İcbari sığorta haqqında” qanun layihəsi aprel ayında ikinci oxunuşda Milli Məclisin yaz sessiyasının müzakirəsinə çıxarılacaq. Onun sözlərinə görə, yeni qanun layihəsində ciddi olmasa da, müəyyən qədər redaktəyə ehtiyac var.

Millət vəkili hesab edir ki, “İcbari sığorta haqqında” qanunun sadələşdirilməsi, hamının başa düşdüyü dildə yazılması onun mahiyyətinin geniş ictimaiyyət tərəfindən tam mənasında anlaşılması vacib şərtdir. Onun fikrincə, sığorta biznesi Azərbaycanda yeni sahə olduğundan lazımınca inkişaf edə bilməyib. Bu səbəbdən də yeni qanunun daha aydın və təkmil şəkildə işlənməsinə ehtiyac var: “Çünki qanun layihəsində intervallar, həmçinin sual doğuran məsələlər olanda bu, müəyyən qədər sui-istifadə hallarının yaranmasına gətirib çıxarır. Həmçinin qanun layihəsində bir sıra güzəştlərin edilməsinə də ehtiyac var”.

Ziyad Səmədzadə deyib ki, qanun qəbul edildikdən sonra sığorta şirkətləri üçün yeni imkanlar yaranacaq. Onun sözlərinə görə, hazırda dövlət qurumları tərəfindən qanun layihəsinin qəbul olunmasından sonra yarana biləcək suallar müzakirə olunur. Həmçinin sığorta haqlarının həcmi üzrə limitlərin müəyyənləşməsi də müzakirə obyektidir.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Xidmətinin rəis əvəzi Namiq Xəlilov isə deyib ki, ölkə başçısı Azərbaycanda sığorta bazarının inkişaf etdirilməsi ilə bağlı müvafiq qurumlar qarşısında ciddi tələblər qoyub. Onun sözlərinə görə, “İcbari sığorta haqqında” qanunun layihəsinin hazırlanması və bu istiqamətdə müzakirələrin aparılması da bu tələblərin yerinə yetirilməsinə xidmət edir.

“Həqiqətən Azərbaycanda sığorta bazarı iqtisadiyyatın bir sahəsi kimi çox zəif inkişaf edib. Hazırda ölkədə sığorta bazarına ictimai maraq çox aşağı səviyyədədir və biz bunu aradan qaldırmalıyıq. Çünki sığorta bazarının inkişafı həm də insanların sosial problemlərinin həlli üçün bir vasitədir” – deyə, Namiq Xəlilov əlavə edib.

Maliyyə Nazirliyinin rəsmisi onu da deyib ki, hazırda Azərbaycanda sığortaçılar üçün tələb olunan kapitalın minimum həcmi 3 milyon manat təşkil edir. Onun fikrincə, bu sahəyə ictimai maraq artsa, biznes strukturları daha təkmil metodlar hazırlayıb tətbiq etsə, ölkədə sığorta biznesinin inkişafı yaxın gələcəkdə lazımi səviyyəyə çata bilər.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682

Oxşar yazılar