DMSF növbəti sorğusunu başa çatdırıb
14 mart 2011 17:31 (UTC +04:00)

DMSF növbəti sorğusunu başa çatdırıb

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) ictimaiyyətlə əlaqələri daha da inkişaf etdirmək, əhalinin sığorta-pensiya islahatları barədə nə dərəcədə məlumatlı olmasını öyrənmək və vətəndaşların daha az informasiyaya malik olduğu sahələr istiqamətində təbliğat işlərini gücləndirmək məqsədi ilə keçirdiyi interaktiv sorğu başa çatıb. Fondun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Lent.az-a bildirib ki, sorğu zamanı respondentlərə "Pensiyanızın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bilirsinizmi" sualı ünvanlanıb.

Sorğunun yekun nəticələrinə əsasən, respondentlərin 62,44 faizi "Pensiyanızın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bilirsinizmi" sualına "bəli", 21,71 faizi isə "xeyr" cavabını veriblər. Sorğuya qatılanların 15,85 faizi isə ümumiyyətlə, bu haqda məlumatsız olduqlarını bildiriblər.

Sorğunun nəticələri göstərir ki, respondentlərin böyük əksəriyyəti - 62,44 faizi pensiyanın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğundan məlumatlıdır. Bu isə son dövrlər əhali arasında aparılan maarifləndirmə işlərinin, kütləvi informasiya vasitələrindən istifadə etməklə təbliğatın daha da gücləndirilməsinin nəticəsidir. Belə ki, 2009-cu ilin sonunda keçirilən analoji sorğunun nəticələri tamamilə fərqli olmuşdu. Həmin dövrdə keçirilən sorğu zamanı respondentlərin cəmi 34,9 faizi pensiyanın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bildiyini nəzərə çatdırmışdı. Bu dəfəki sorğuda isə bu göstərici 62, 44 faiz təşkil edir. Qeyd olunan göstərici vəziyyətin müsbətə doğru dəyişdiyini söyləməyə əsas verir.

Xatırladaq ki, 2006-cı il 01 yanvar tarixindən qüvvəyə minən "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiyalar fərdi uçot sisteminin məlumatları əsasında təyin olunur. Fərdi uçot sistemi tətbiq edildikdən sonra təyin olunan pensiyanın miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır. Ona görə də hər bir vətəndaş yaşlı dövrünün maddi təminatının məsuliyyətini əmək fəaliyyəti göstərdiyi vaxtdan düşünməli, harada çalışmasından asılı olmayaraq işləməyə başlayarkən ilk növbədə əmək müqaviləsini imzalamalı, aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694

Oxşar yazılar