Region əhalisinin məmur davranışına münasibəti
14 mart 2011 17:08 (UTC +04:00)

Region əhalisinin məmur davranışına münasibəti

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə, Korrupsiya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin təşkilati dəstəyi ilə martın 10-dan 12-dək Qubanın Talabı-Qışlaq, Digah-Xucbala və İqrik bələdiyyələrində dövlət qulluqçularının etik davranış qaydalarına və prinsiplərinə həsr olunmuş seminarlar keçirib. Seminarda Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyinin «Dövlət qulluğunun islahatı» Proqramının rəhbəri Lothar Hahn iştirak edib.

İTM-in ictimaiyyətlə əlaqələr departamentindən Lent.az-a verilən məlumata görə, seminarın 1-ci hissəsi bələdiyyə üzvləri və yerli icra hakimiyyəti nümayəndələrinin, ikinci hissəsi isə kənd icması təmsilçilərinin iştirakı ilə daha geniş formatda keçirilib. Seminarda “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Korrupsiya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun əhatə dairəsi, məqsədləri, xidməti davranışın hüquqi tənzimlənməsi və etik davranış qaydalarına dair geniş təqdimatla çıxış edib. O, dövlət qulluğunda etik qaydalarının tətbiqinin dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılmasına, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsinə xidmət etdiyini bildirib.

Əliməmməd Nuriyev dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi məsələlərindən bəhs edərək xidməti davranışla bağlı məhdudiyyətlər, normalar barədə seminar iştirakçılarını məlumatlandırıb. O qeyd edib ki, dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi, ona müəyyən olunmuş səlahiyyətlər çərçivəsində öz işini peşəkarlıqla yerinə yetirməyə, loyallıq nümayiş etdirməyə qadir olmalıdır. Əks təqdirdə, ictimai etimadsızlıq dövlət orqanlarının və onların vəzifəli şəxslərinin nüfuzunu aşağı sala bilər: “Odur ki, yuxarı orqanlar etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması üçün dövlət qulluqçusunun davranışlarını müntəzəm təhlil edir və müvafiq tədbirlər görür”.

İTM İdarə Heyətinin sədri Qubad İbadoğlu isə dövlət qulluqçularının etik davranış məsələləri üzrə ictimai rəyin öyrənilməsi və bununla bağlı maarifləndirmənin həyata keçirilməsi üçün Mərkəz tərəfindən aparılan tədqiqatların nəticələrindən danışıb. O, dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə 1200 nəfər arasında həyata keçirilən sorğunun nəticələrini açıqlayıb. Sorğu göstərib ki, respondentlərin 53 faizi yerli icra hakimiyyətləri, 19 faizi kommunal xidmətləri təmin edən orqanlar, 14 faizi səhiyyə və təhsil müəssisələri ilə tez-tez təmasda olur. Onların 55 faizinin fikrincə, dövlət qulluqçularının etik davranışları qaneedicidir. Respondentlərin 24,8 faizi dövlət qulluqçularının etik davranışlarından qismən razı qaldıqlarını, 8,5 faizi isə razı qalmadıqlarını bildirib. Respondentlərin 52 faizi dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi halları ilə qarşılaşmadığını bildirib. Sorğuda iştirak edənlərin 36 faizi dövlət məmurlarının fəaliyyətində korrupsiya və maraqların toqquşmasına şərait yaradan halların aradan qaldırılmasının, 24 faizi dövlət orqanlarının fəaliyyətinin səmərəli və şəffaf təşkilinin, 18 faizi vətəndaşların dövlət qulluqçularından tələb edilən davranışlar barədə məlumatlarının genişləndirilməsini, 11 faizi dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə ictimai təsir imkanlarının artırılmasının və bir o qədəri də dövlət qulluqçularının etik qaydalarını pozan şəxslərə daha sərt intizam tədbirlərinin tətbiq olunmasının vacibliyini qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1148

Oxşar yazılar