Mərkəzi Neftçilər Xəstəxanası yeni keyfiyyət sertifikatı aldı - FOTO
10 mart 2011 17:44 (UTC +04:00)

Mərkəzi Neftçilər Xəstəxanası yeni keyfiyyət sertifikatı aldı - FOTO

Türk Standartları İnstitutu Mərkəzi Neftçilər Xəstəxanasına TS EN ISO 9001:2008 keyfiyyət idarəetmə sistemi beynəlxalq standartı üzrə sertifikat təqdim edib.


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəisi Əmrah Fəqanoğlu Lent.az-a bildirib ki, təqdimat mərasimində ARDNŞ-in sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlov, Sosial İnkişaf İdarəsinin rəisi Qasım İbrahimov, Türk Standartları İnstitutunun Azərbaycandakı təmsilçisi Hasan Demirtaş və Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak edib. Tədbirdə Mərkəzi Neftçilər Xəstəxanasında göstərilən tibb xidmətlərinin dünya standartları səviyyəsinə çatdırıldığı və bu səhiyyə ocağının maddi-texniki bazasının daim yeniləşdirilməsi, tibbi kadrların mütəmadi olaraq təkmilləşdirilməsi məsələlərinin daimi diqqət mərkəzində saxlanıldığı vurğulanıb.


Əmrah Fəqanoğlu deyib ki, hazırda ARDNŞ-in bir sıra müəssisələrində TS EN ISO 9001:2008 beynəlxalq keyfiyyət idarəetmə sistemi standartı tətbiq olunur. Onun sözlərinə görə, TS EN ISO 9001:2008 keyfiyyət idarəetmə sistemi beynəlxalq standartı üzrə Mərkəzi Neftçilər Xəstəxanasının sertifikatlaşdırılmasında köməkliyin göstərilməsi məqsədilə ARDNŞ Sosial İnkişaf İdarəsi Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin təşkil etdiyi kurslarda Türk Standartları İnstitutu mütəxəssisləri tərəfindən 2010-cu il 17-21 may tarixlərində müvafiq kurslar keçirilib. Həmin kurslarda xəstəxananın 19 nəfərlik tibb personalı iştirak edib.


Mətbuat xidmətinin rəhbəri bildirir ki, ötən ilin noyabrında Mərkəzi Neftçilər Xəstəxanasında Türk Standartları İnstitutunun təcrübəli baş auditoru Elif Özkök, həkim Sema Zergeroğlu, auditor Volkan Çalğın və bioloq Xatirə Salahova tərəfindən TS EN ISO 9001:2008 keyfiyyət idarəetmə sisteminin tətbiqi ilə bağlı sertifikatlaşdırma auditi keçirilib. Auditin açılış və qapanış toplantılarında sistemin tətbiqinin zəruriliyi və bu işə ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin böyük önəm verməsi və dəstək olması, o cümlədən Sosial İnkişaf İdarəsi rəhbərliyinin lazımi köməklik göstərməsi xüsusi vurğulanıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1653

Oxşar yazılar