Təhsil naziri dərsliklərdəki qüsurlardan danışdı
02 mart 2011 15:55 (UTC +04:00)

Təhsil naziri dərsliklərdəki qüsurlardan danışdı

“Biz bura bir-birimizin gördüyü işləri aşağılatmağa yığışmamışıq. Ona görə yığışmışıq ki, təhsildəki vəziyyəti obyektiv olaraq göstərək və çalışaq hər kəs bu müzakirələrdən özü üçün müsbət nəticə çıxarsın”.

Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Bakı şəhərində 2010/2011-ci tədri silində ali və orta və orta ixtisas məktəblərinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsindəki çıxışında belə deyib. Onun sözlərinə görə, həqiqətən də bu gün Azərbaycanın təhsil sistemində bir sıra problemlər var ki, onların həll edilməsi çox vacibdir: “Ancaq bu, birbaşa Təhsil Nazirliyindən, təhsil müəssisələrindən asılı olan məsələ deyil. Dövlətimizin iqtisadi imkanları artdıqca, cəmiyyət inkişaf etdikcə bütün sahələrdəki, o cümlədən təhsildəki nöqsanlar da aradan qalxacaq”.

Misir Mərdanov TQDK sədrinin bəzi dərsliklərdə ciddi qüsurların olması barədə bir neçə gün əvvəlki açıqlamasına da münasibət bildirib. O qeyd edib ki, Təhsil Nazirliyi bəzi dərsliklərdə qüsurların olmasından xəbərdardır və bunun aradan qaldırılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə iş aparılır.

“Bu məsələdə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Təhsil Nazirliyi arasında çox sağlam mühit yaranıb. Bizim ekspertlərimiz tez-tez görüşürlər, dərsliklərlə bağlı məsələlərdə əməkdaşlarımız birgə iş aparırlar. Biz hər il bu müzakirələrdən müsbət nəticə çıxarmağa çalışmışıq. Ancaq düşünürəm ki, bu cür müzakirələr tez-tez keçirilməlidir. Çünki bu əməkdaşlıq yalnız xalqa və millətə xidmət edir” - deyə Misir Mərdanov əlavə edib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 963

Oxşar yazılar