7 özəl tibb müəssisəsinə xəbərdarlıq edilib
29 oktyabr 2009 19:30 (UTC +04:00)

7 özəl tibb müəssisəsinə xəbərdarlıq edilib

Həmin müəssisələrə plazmaferez və ozonoterapiya prosedurasının aparılması qadağan olunub

Səhiyyə Nazirliyi “Özəl tibb müəssisələrinə təşkilatı metodik köməkliyin göstərilməsi barədə” sərəncamın icrasına nəzarət məqsədilə sentyabrın 15-dən bəri apardığı yoxlamaların nəticəsini açıqlayıb.


Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, yoxlama zamanı 7 özəl tibb müəssisəsində plazmaferez və ozonoterapiya proseduraların aparılmasında ciddi nöqsanlar aşkar edilib. Həmin müəssisələrdə plazmaferez prosedurasına göndərilmiş xəstələrin xəstəliyi və diaqnozu barəsində heç bir məlumatın, hər iki proseduranın aparılması barədə əməliyyat və qeydiyyat jurnallarının olmadığı, kabinetdə dezinfeksiya və sterilizasiya qaydalarına düzgün əməl edilmədiyi üzə çıxıb. Bundan başqa, birdəfəlik tibbi ləvazimatların istifadə olunduqdan sonra zərərsizləşdirmədən ümumi məişət zibilxanasına atılması, proseduranı aparan həkimin müvafiq ixtisas üzrə sənədlərinin olmadığı da aşkarlanan nöqsanlar sırasındadır.


Nazirlikdə bildirirlər ki, bununla əlaqədar həmin özəl tibb müəssisələrində plazmaferez və ozonoterapiya prosedurasının aparılmasına qadağa qoyulub. Nazirliyin Tibbi yardımın təşkili şöbəsi tərəfindən proseduranın aparılmasına qadağan qoyulmuş özəl tibb müəssisələrinin rəhbərlərinə yaranmış vəziyyətlə bağlı lazımi tədbirlərin görülməsi üçün məktub göndərilib. Müəssisə rəhbərlərindən görülən tədbirlərin nəticəsi barədə Səhiyyə Nazirliyinə məlumat vermələri tələb olunub.


Hazırda özəl tibb müəssisələrində təşkilati-metodik köməklik göstərmək məqsədi ilə baxış tədbirləri davam etdirilir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552

Oxşar yazılar