Abel Məhərrəmov: “BDU-nun rektorun üstümə qışqırıb, məni qovdu” - MÜSAHİBƏ
13 avqust 2009 11:00 (UTC +04:00)

Abel Məhərrəmov: “BDU-nun rektorun üstümə qışqırıb, məni qovdu” - MÜSAHİBƏ

Lent.az-ın “Persona” rublikasının bu dəfə qonağı Bakı Dövlət Universitetinin (BDU) rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 37 ixtiranın, 700-dək elmi məqalənin müəllifi, parlamentin Elm və mədəniyyət komitəsinin üzvü, YAP İdarə Heyətinin üzvü, professor Abel Məhərrəmovdur. Abel Məhərrəmovun BDU-da rektor kimi fəaliyyətə başlamasından 10 il ötür. Rektor həyatı, elmimizin bu günü və gələcəyi, gəncliyin, uşaqlıq dövrünın acılı-şirinli xatirələri, ailəyə, dostlara, insanlara münasibət söhbətimizdə əsas mövzular oldu.

- 10 ildir, Bakı Dövlət Universitetinin rektorusunuz. Rektor həyatı necə bir həyatdır?

- Mən bu işə başlayana qədər 7-8 il dekan müavini, 10 ilə yaxın dekan, universitetin tədris işləri müdiri işləmişdim. Təsəvvür edin ki, mən rektor kimi fəaliyyətə başlayanda BDU-da cəmi bir kompüter var idi. O da rektorun otağında idi, biz ona ancaq gəlib baxırdıq, istifadə də edə bilmirlik.

Bir məqam yadıma düşdü. Mən 1994-95-ci illərdə ABŞ-da müəyyən proqram çərçivəsində dövlət xətti ilə 6 aylıq müqavilə ilə işləməli oldum. Mən ilk günlər bir yerdə çıxış edərkən özümlə nümayiş etdirmək üçün 30-a qədər slayd, yəni kimya formulları, kimyəvi sintez prosesi haqqında məlumat aparmışdım. Bu şəkillərin içərisində bir şəkil vardı. O şəkildə katibə yazı makinasında yazırdı. Mən axıra çatmamışdan əvvəl bir professor dedi ki, əvvəlki slayda qaytarın, mən ona baxmaq istəyirəm. Həmin alim dedi ki, babamın 1940-cı illərdə belə bir makinası var idi, babam işlədəndə qulaq asırdım, xoşuma gəlirdi.
Mən Azərbaycana qayıdanda təyyarədə uçduğum 11 saatda iki məsələ məni çox narahat etdi. Birincisi, mən böyük elmi uğurdan danışıram, bu tərəfdə də təzə müstəqillik qazanmış ölkədə yazı makinası işlədilir, kompüter yoxdur. O zaman mən dekan vəzifəsindəydim, professor, laboratoriya müdiri idim. Bu, məni çox məyus etdi. Müqavilə də belə idi ki, maliyyənin hamısını amerikalılar versə də, onlar da bura gəlməli və 6 ay BDU-da işləməli idilər. Mənə ABŞ-da kompüter və otaq vermişdilər. Mən onlar gələndə nə verə biləcəm? İkincisi, fikirləşirdim ki, amerikalı alimləri hara çörək yeməyə, tualetə aparmaq olar.

Qonaqpərvərlik yaxşı xüsusiyyətdir. Amma gələn qonağı gərək elmlə, təhsillə, loboratoriyayla, yazdığın əsərlərlə qarşılayasan. Bunu niyə geniş danışdım? Mən bilmirdim ki, rektor olacam. Həyat elə gətirdi ki, ABŞ-dan qayıdandan qısa müddət sonra rektor oldum.

- Beləliklə, planlarınızı həyata keçirməyə başladınız.

- Bəli. Biz bu gün universitetdə kompüterləri saya bilmirik. Bir də baxırsan, beynəlxalq qrantlar üzrə 50, 150 kompüter verdilər. Bu gün bütün kafedralarda, fakültələrdə kompüter zalları var. 10 ildə bunlar elə-belə yaranmayıb, böyük əziyyətlər, islahatlar hesabına əmələ gəlib.

Mən ilk növbədə forma və məzmun arasında balansı gözləməyə çalışdım. Ancaq bu gün məndən rektor kimi soruşsalar ki, universitet hansı müstəvidə daha çox dəyişib, deyərdim ki, məzmun etibarilə daha çox dəyişib.

- Dövrünüzün gəncliyilə, özünüzün gəncliyinizlə bu günün gəncliyini müqayisə edəndə hansı qənaətə gəlirsiniz?

- Gənclərin zaman baxımından bu və ya digər formada müqayisəsi olduqca çətin məsələdir. Məsələn, atam BDU-ya qəbul olub, ancaq müharibəyə gedib, qaıtdıqdan sonra universitetdə oxuyub, riyaziyyat müəllimi olub. Mən kimyaçıyam, amma riyaziyyatçı olmaq istəyirdim. O zaman deyilirdi ki, kommunizm “sosializm+elektrikləşmə” deməkdir. Sonralar Xuruşov dedi ki, yox, kommunizm “sosializm+elektrikləşmə+kimyalaşma” deməkdir. Xruşov kimyanı ora əlavə edəndən sonra hamımız kimyaçı olmaq istədik. Ermənistanda orta məktəbi qurtaranda bir məktəbdən 12 nəfər medal aldıq, atam həmin məktəbin direktoru idi. Onu da deyim ki, Ermənistan tarixində ilk belə hadisə idi ki, bir məktəbi qurtaranların 12-si medal alır. Bizə inanmadılar, təzədən İrəvanda bizə yazı yazdırdılar. Amma təsdiq etdik ki, biz doğrudan da yaxşı oxumuşuq. 12 nəfər hamımız ali məktəblərə qəbul olduq. Riyaziyyatçı olmaq istəyirdim, kimyaçı oldum, kimyaçı olmağımdan da heç narahat deyiləm. Amma hiss edirdim ki, daha yaxşı riyaziyyatçı ola bilərdim. Amma dövr elə tələb etdi.
İndii müstəqillik dövrünün gəncləri ilə o dövrün gənclərini müqayisə etmək o qədər də asan deyil. Bizim dövrümüzdə kompüter, internet yox idi. Mən Moskva Dövlət Universitetində oxuyanda dissertasiyamın ədəbiyyat hissəsini gecə-gündüz kitabxanada oxumuşam. Ancaq indi mən həmin ədəbiyyatı 3 günə əldə edə bilərəm.
Hər dövrün bir tələbi var. Məsələn, məndən qabaq lampa çırasında oxuyublar, mən elektrik lampasında oxumuşam. Ancaq indiki gənclik neon lampasında oxuyur. Çıraq dövründə kimin faytonu vardısa, varlı adamdı. Bizim dövrdə “Volqa” alanı tuturdular ki, bunun belə avtomobili var. Raykom, kolxoz sədri lotoreya yolu ilə “Volqa” alırdı. Ancaq indi kimsə “Volqa” ilə keçəndə insanların yazığı gəlir ki, bu istidə “Volqa”nı surur, özü də tökülüb dağılır. (gülür) İndi “Mersedes” zamanıdır.

- Dünən biz müsahibəyə razılıq almaq üçün gələndə yorğun idiniz, bu gün də yorğun görünürsünüz. Həmişə belə olur?

- Demək olar ki.

- Bəs ailənizə, övladlarınıza, nəvələrinizə necə vaxt ayırırsınız?

- Bu gün bir nəfəri 75 yaşı münasibətiylə təbrik etmək üçün dəvət etmişəm. Bizim kafedra müdiridir. Məsələn, mən bunun əvəzində gedib evdə çörək yeyərdim. Mən bu gün hələ çörək yeməmişəm, heç fikrimdə də yoxdur. Ancaq mən fikirləşirəm ki, universitetin rektoruyam, bu gün onu təbrik etmək lazımdır. Mən cavan olanda soruşurdular ki, xoşbəxtlik nədir? Deyirdim ki, ən yaxşısını Nazim Hikmət deyib - xoşbəxtlik odur ki, səhər işə, axşam evə tələsirsən. Əlbəttə, ürəyim nəvəmi, onunla oynamağı daha çox istəyir, ancaq hiss edirəm ki, mənim iş, həyat və elmi təcrübəm xalqa daha çox lazımdır.

Bu tərəfə də baxanda fikirləşirəm ki, nəvəm bir saat da dözər, ancaq yaxşı olar ki, bir aspirantın işini, yaxud xaricə gedən bir məqaləni yoxlayım.

Keçən il xaricdə mənim 106 məqaləm çıxıb, inciməsinlər, bəzi akademiklərin il ərzində 2-3 məqaləsi dərc olunmur. Akademiyada hesabat verəndə dedim ki, deyəcəklər ki, bu insan rektor, millət vəkili, ailə başçısı, baba, ata, ailə problemləri fonunda nə vaxt 106 elmi məqalə yazıb. Bunu hesabat verərkən özüm-özümə sual verdim. Dedim ki, niyə bu barədə mənə sual vermirsiniz. Bildirdim ki, vaxt vardı, il ərzində 3-4 məqalə zorla yazırdım. Ancaq indii mənim elmi məktəbim, 30-a yaxın işçim var, 20 aspirantım var. Onların hər birinə 5 dəqiqə ağıllı yol göstərən kimi səhərə qədər yazıb gətirir, yoxlayıram. Yəni bir elmi məqaləyə 20 dəqiqə sərf edirəm. Ancaq bu elmi məqaləni bütünlükdə mən yazsam, digərinə vaxt çatdıra bilmərəm. Burada hesabama və s. var. Akademik hesablama aparmaz, strategiyanı inkişaf etdirər. Əgər hər şeyi mən etsəm, deməli, mən hələ laborantam. Aspirant hesabat verər. Elmlər namizədi də o qədər hesabat verməməlidir, o da yetişdirməlidir. Əgər mən özüm təkcə oturub o elmi məqaləni yazaramsa, deməli, elmi məktəb yaratmamışam. Əgər mən elmi məktəb yaratmışamsa, 100 elmi məqalə də azdır.

- Bəs nə vaxt istirahət edirsiniz?

- Arada istirahət də olur, ancaq istirahətdə də telefonlar boş qalmır. İstirahətdə də vaxtın yarısı problemlərin həllinə yönəlir. Məsələn, bu il BDU-nun 90 illiydir, mənim üçün ən ağır ildir. 90 illiklə əlaqədar müəyyən tədbirlər həyata keçirilir. Beynəlxalq konfrans keçiriləcək. Dünyanın bir çox ölkəsindən, Yaponiyadan, MDB məkanından, Avropadan, ABŞ-dan bir çox qonaqlarımız gələcək. Beynəlxalq konfransda da gərək elmi yeniliklər ortaya qoyasan, universitetin məzmununu göstərəsən ki, burada hansı alimlər çalışırlar.

Bütün bunları deməkdə məqsədim odur ki, insan müəyyən bir səviyyəyə yetişəndə öz enerjisini xalqına həsr etməlidir. Mən Moskva Dövlət Universitetinin aspirantı olmuşam, 1976-cı ildə müdafiə etmişdim, elmlər namizədi idim. BDU-ya gəldim, mənə demişdilər ki, universitetdə işə götürəcəklər. 6 ay BDU-da rektorun qəbuluna düşə bilmədim. 6 aydan sonra bir laborant yeri aldım. Ancaq heç vaxt mən mülayim, ağıllı yollarla öz prinsipimdən əl çəkmədim. Mən niyə sonra tədris hissə müdiri işlədim? Dedilər ki, laborant yeri yoxdur. Dedim, axı mən elmlər namizədiyəm, camaat müəllim işləyir. Mən də 26 yaşında gəlmişdim ki, guya 3-4 ilə doktor olacam. İşim yaxşı gedirdi, fikirləşirdim ki, 30 yaşında doktorluq alım. Mənə dedilər ki, sənə müəllim yox, metodist yeri verə bilərik. Dedim, yaxşı. Laborantdan sonra qiyabi şöbədə metodist işlədim. Gördülər ki, işləyirəm. Sonra gətirib məni universitetin tədris işlər müdiri qoydular. Yəni elmdən ayrıldım. Sən demə, gələcək həyatımda bunu bilmək lazım imiş ki, allah məni aparıb ora salıb. Niyə dedim ki, rektor 6 ay məni qəbul etmədi? Hər dəfə evə gedəndə çox məyus olurdum, özü də evlənmək istəyirdim. Evdə soruşurdular ki, nə oldu, rektor sənə iş verdi? Dedim, heç qəbul etmədi, üstümə qışqırdı, qovdu. Ona görə də yanıma tələbə gələndə 6 ay rektorun məni qəbul etməməsi yadıma düşür. Doğrudan da hüququ varsa, kömək etməyə çalışıram. Hüququ yoxdursa da, elə başa salmaq lazımdır ki, o insan şansını itirməsin. Evə rahat getsin, desin ki, bu gün alınmır, sabah alınar, yaxud mümkün deyil, yoxsa rektor edərdi. İnsanın ümidini sındırmaq lazım deyil. 6 ay qəbul olunmamağım mənim gələcək həyatımın əsas edlementlərindən birinə çevrildi. Mən ondan dərs almadım, nəticə çıxardım. Bəziləri deyir ki, o, məni qəbul etmədi, mən də onu qəbul etməyəcəm. Elə deyil.

- Ailəniz necə, sizi başa düşübmü? Ailəniz sevgi əsasında qurulub, yoxsa…

- Həyat yoldaşım müəllimədir,universitetdə işləyir, universitetdə gedən prosesləri bilir. Bilir ki, işim nə dərəcədə ağırdır. Ailəmiz də sevgi üzərində qurulub. Başqa cür də ola bilməz. Hesab edirəm ki, Azərbaycan ailələrinin hamısı sevgi üzərində qurulsa, millət saflaşar, cırlaşmaz. Bəzən deyirlər ki, mənə filankəsin qızını almalı olduğumu dedilər. Bu, düzgün deyil. İnsanlar arasında məhəbbət olandan sonra yaxşı övlad dünyaya gələ bilər. Bunu hər bir gənc bilməlidir. Gənclərlə də bu barədə açıq danışıram. Mən demirəm ki, birdən-birə milli xüsusiyyətlərimizi atıb, Avropa modelini qəbul edək. Ancaq hər şey sevgi ilə olmalıdır. İş də, ailə də. O halda uşaqlar da yetkin, sağlam, ağıllı olar. Mən kimyaçı kimi bunun elmi əsasını bildiyim üçün də deyirəm ki, belə olmalıdır.

- Rektor Abel Məhərrəmovun ətrafında uşaqlıq dostları necə, qalıbmı?

- Mən o insanı xoşbəxt insan hesab edirəm ki, uşaqlıq dostunu da, orta məktəb dostunu da, ali məktəb dostunu da, həyat dostunu da saxlaya bilir. Elə bilirdilər ki, rektor olandan sonra ətrafımdakı insanlardan, dostlarımdan aralanacam. Elə deyil. Əksinə, bu gün onlarla daha yaxşı münasibətdəyəm. Gələcəkdə də elə olacaq. Mən həyatda çox sadə insanam. Çox xoşuma gəlir ki, əkinlə məşğul olum, divar hörum, kartof əkim. Yaxşı xizək sürürəm. Altıağaca xizək sürməyə gedirəm. At sürməyi çox sevirəm. Ova çox gedirdim, indi vaxtım yoxdur. Ancaq ürəyimdən keçir, hərdən tüfəngi götürüb elə-belə atıram.

Məsələn, orta məktəb dostlarımla görüşdə deyrəm ki, yadına gəlir, səhərə qədər oxuduq, yeməyə bir şey yox idi, yağın üstünə pesok tökdük. Rayonda imtahan səhər 8-də başlayırdı. Həm də mənim çox maraqlı orta məktəb həyatım olub. Atam kolxoz sədri, məktəb direktoru olub, raykomda işləyib. Bu kənddən digərinə göndəriblər, gedib orada oxumuşam. Kənddə 8 illik olub, bu kənddən qarlı yolla o biri kənddəki 10 illik məktəbə oxumağa getmişəm. Saat 8-də məktəbdə olmaq üçün gərək saat 6:30-da çıxaydın. O vaxt qışda qaranlıq olurdu. Mən də 12 yaşımda idim. Qaranlıqda qarın içərisiylə gedirdin, cavanvar vardı, qorxulu idi. Baxmayaraq ki, atam kolxoz sədri idi, maşını vermirdi. Deyirdi ki, camaat deyər ki “Villis” oğlunu aparır. O zaman indiki kimi deyildi. Yəni belə şeyləri görmüşük. Mən sevinirəm ki, belə şeyləri görmüşəm. Biz yoldaşlarımla görüşəndə o barədə danışırıq. Bəzən qarla gedənə xizəyimiz sınırdı. Çanta da bir tərəfdən, xizək sınanda batırdıq. Belə oxuya-oxuya 12 nəfərimiz orta məktəbi qızıl medalla qurtardıq. Yenə də deyirəm ki, Ermənistan tarixində belə bir şey olmayıb. Ata məktəb direktoru idi, tədris çox yaxşı qurulmuşdu. Görünür ki, o genlərdən gəlir. Anam da məktəb müəllimi olub. Bizim ailədə nə servantımız, nə digər mebelimiz olub. Evimizdə atamın direktoru olduğu məktəbdən oğurladığı bir yazı lövhəsi, bir də tabaşir olub. O vaxt yazı lövhəsi indi kimi açıq satılmırdı, gərək məktəbdən götürəydin. Məktəbdən bir ortabab yazı lövhəsi götürmüşdü, bir də evdə tabaşir çox idi. Uşaqlar gəlib bizdə hazırlaşırdılar. Elə olurdu ki,səhəpə qədər hazırlaşıb, birbaşa imtahana gedirdik. Üzümüzə su vurub gedirdik. Ancaq o həyat mənə çox şey, dözümlülük və s. öyrətdi. Ancaq indii danışıram, özüm də pərişan oluram ki, nələr çəkmişəm.

- Yeri gəlmişkən, tərcümeyi-halınızda Ağdamda anadan olduğunuz bildirilir, uşaqlıq illəri ilə bağlı xatirələriniz Ermənistanla bağlı oldu.

- 1948-ci il deportasiyası zamanı atamgil Ağdam şəhərinə köçüb gəliblər. Əvvəlcə Saatlı, Sabirabad, Martunidə olublar, sonra Ağdama köçüblər. Bir neçə il orada işləyiblər, mən və digər ailə üzvlərimiz Ağdamda anadan olmuşam. Sonra nənəm oranın hava şəraitinə uyğunlaşmadığı üçün 1956-cı ildə yenidən Ermənistana köçüblər. Anam İrəvanlıdır, bizi də İrəvandan deportasyia ediblər. Sonra qayıdanda atamın kəndinə, Amasiya rayonuna qayıtdıq. Mən özüm də İrəvanda 1 il orta məktəbdə oxumuşam. Biz köçürüləndə İrəvanda evimiz qalmışdı, getdim ki, o evi mənə versinlər, ermənilər vermədi. Məcburi Amasiyaya köçdük. Bu, Ermənistanın ucqar bir rayonudur, çox sərt, 40 dərəcə şaxtası olur. Gümrüdən 10 km aralıdır. Mənim vaxtım ən çox Gümrüdə keçib. Velisopedlə gedirdik. Amasiyanın özündə və bir neçə kəndində orta məktəbdə oxumuşam. Atamı işlə əlaqədar olaraq hara göndəriblər, biz də köçüb getmişik…

Ramiz Mikayıloğlu

P.S. Müsahibə yekunlaşdıqdan sonra kafedra müdiri Əyyub müəllimin 75 yaşının tamam olması münasibətiylə rektor Abel Məhərrəmov tərəfindən qəbul edildi. Məlum oldu ki, Əyyub müəllim həm də Abel Məhərrəmovun müəllimi olu. Əyyub müəllimin sözlərini şeirlə deməsi diqqətimi çəkdi. Kimyaçılar da şair qəlbli olurlarmış...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4210

Oxşar yazılar