Əmək pensiyaçılarının sayı 1 292 602  nəfərə çatıb
11 avqust 2009 12:15 (UTC +04:00)

Əmək pensiyaçılarının sayı 1 292 602 nəfərə çatıb

Azərbaycanda əmək pensiyası alan qadınların sayı kişilərdən çoxdur

Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 300 minə yaxınlaşır. İyulun 1-ə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı ilin əvvəli ilə müqayisədə 17 min 464 nəfər artaraq 1,292 602 nəfərə çatıb.

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Lent.az-a bildiriblər ki, hazırda əmək pensiyası alanların 512 167 nəfəri kişi, 780 435 nəfəri qadındır. Fondun mətbuat xidmətinin rəhbəri Elman Babayev deyir ki, həmin qadınların 380 min 540-ı çoxuşaqlı analardır. Onun sözlərinə görə, əmək pensiyaçıları arasında dövlət qulluqçusu kimi pensiya alanların sayı 9692 nəfərdir. Ümumilikdə əmək pensiyaçılarının 129 513-ü işləyən pensiyaçılardır.

Elman Babayev bildirib ki, hazırda 308 min 670 nəfər əlilliyə görə əmək pensiyası alır. Onlardan 22 min 276 nəfəri I qrup, o cümlədən 7580 nəfəri I qrup gözdən əlillərdir. Əmək zədəsi və peşə xəstəliyi ilə əmək pensiyası alan şəxslərin sayı isə 4582 nəfərdir. Bundan başqa, 37 min 31 nəfər güzəştli şərtlərlə əmək pensiyası alır.

Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 138 min 146 nəfərdir. Elman Babayev bildirib ki, onlardan 22-si Azərbaycan Milli Qəhrəmanlarının ailə üzvləridir.

Xatırladaq ki, hazırda Azərbaycanda əmək pensiyası 3 növə bölünür: yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası. «Əmək pensiyası haqqında» qanuna əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var. Əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş və ya sağlamlıq imkanları məhdud sığortaolunana bir il sosial sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığortaolunana isə 1 il sosial sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sosial sığorta stajı olduqda təyin edilir. Ailə başçısını itirməyə görə əmək pensiyası isə vəfat gününədək ailə başçısının yuxarıda göstərilən qaydada (əlilliyə görə əmək pensiyası hüququ yaranması şərtlərinə uyğun) sosial sığorta stajı olduqda verilir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 958

Oxşar yazılar