Küçələrdə bizi təhdid edən təhlükə - REPORTAJ
05 avqust 2009 18:15 (UTC +04:00)

Küçələrdə bizi təhdid edən təhlükə - REPORTAJ

Bakıda küçələrdə açıq şirələrin, kvasın satışı yolxucu xəstəliklərin, o cümlədən “donuz qripi”nin yayılması üçün mənbə rolunu oynayır

Respublikanın baş dövlət sanitar həkiminin müavininin müvafiq qərarına görə, ölkə, o cümlədən Bakı şəhəri ərazisində əhalinin kütləvi toplaşdığı yerlərdə, metrostansiyaların giriş-çıxışlarında, avtobus dayanacaqlarında açıq formada qazlaşdırılmış suların, şirələrin satışı qəti qadağandır. Ancaq bu qərara əməl olunmur.

Lent.az-ın müxbiri paytaxta bu sahədə vəziyyəti araşdırmaq üçün dəmiryolu vağzalı və 28 may metrostansiyası ətrafında olub.

“Şüşədəki “Koka-kola”dan qat-qat yaxşıdır”

Öncə Milli Bankın yanında (dəmiryolu vağzalından Milli Banka enən yolun sağında) qeyri-şəffaf boçkada kvas satanla söhbətləşdik. Kvas içənlər eyni şüşə stəkanlardan istifadə edirlər. Bu stəkanlar adi kran suyu ilə avtomatlaşdırılmış şəkildə ötəri yaxalanır. Ancaq satıcı and-aman etdi ki, kvasa söz ola bilməz, kvas üçün çörəkbişirmə sexlərindən gələn quru çörəkdən istifadə olunur və ona qaynadılmış su qatılır. İddia etdi ki, kvas satışı ilə bağlı əraziyə gələn “xüsusi həkimlərin” arayışları var. Ancaq həmin arayış ortaya çıxmadı. Həkimlərin hansı qurumun adından gəldiklərini də söyləyə bilməyən satıcı dedi ki, həkimlər hər gün gəlmirlər, arayış evdədir.

Satıcı qapalı şüşələrdə satılan “Koka-kola” ilə müqayisə də apardı. Dedi ki, “Koka-kola”nı sürücülər “qayka” açılmayanda belə istifadə edirlər, pası əridir: “İndi gör insan içəndə onun mədəsini nə günə salır! Kvas şüşədəki “Koka-kola”dan qat-qat yaxşıdır. Nə olub bizim çörəkdən hazırlanan kvasa, niyə kvasın yolxucu xəstəlik yaya biləcəyini düşünürsünüz? Bəziləri deyir ki, kvas boçkasında qurbağa olur. Boçkaya qurbağa necə girə bilər? Boş sözdür”.

Bəs həmin “xüsusi həkimlər” nədən heç olmasa birdəfəlik stəkanlardan istifadəni tövsiyə etmirlər?

Sualımıza “stəkan başqa nə cür yuyulmalıdır” cavabı verildi.

Bəzi etiraflar

“28 may” metrostansiyasının arxasında kvas satan və şirin Şəki ləhcəsi ilə danışan 22 yaşlı satıcı oğlan isə bu formada satışın yolxucu xəstəliklər, o cümlədən “donuz qripi” yayması təhlükəsi barədə eşidən kimi stəkanı kvasla doldurub içdi. Dedi ki, əgər xəstəlik olsaydı, içməzdi. Ancaq o, öncəki satıcıdan fərqli olaraq etirafdan da çəkinmədi. Məsələn, bildirdi ki, satmaq üçün kvası boçkalarla onlara gətirib verirlər, ancaq nədən hazırlandığı şəxsən ona məlum deyil. Kvasa qatılan suyun qaynadılması da boş söhbətdir. O, eşidib ki, kvas qara çörəkdən hazırlanır: “Ancaq mən şəxsən kiməsə kvasın yüz faiz qara çörəkdən hazırlandığını deyə bilmərəm. Bildiyim odur ki, hər hansı xəstəlik yaymır. Yaysa, gündə 10 stəkan özüm içirəm, elə mən xəstələnərəm”.
Satıcı oğlan kvasın mikrobu belə öldürdüyünü, buna görə də stəkanlarda hər hansı mikrobun olmadığına da bizi inandırmağa çalışdı.
Bu satıcı kvas satışı ilə bağlı müəyyən qurumların nümayəndələrinə haqq verib-vermədikləri barədə isə danışmaq istəmədi. Dedi ki, çörəyini itirmək istəmir.
Dəmiryol vağzalının girişində açıq şirəli su satılan “Ləman” kafesinin 35-40 yaşlı kişi və qadın işçisi isə krandan gələn suyun qaynadılmasa da, bir qurğuda təmizləndiyini iddia etdilər. Ancaq həmin təmizləyici qurğunu görə bilmədik. Qurğuya baxmaq istədiyimi söyləyəndə kafedə müştərilərin çox olduğunu deyib, məni “yola saldılar”.
Bu kafedə də şirəli su içənlər eyni stəkanlardan istifadə edirdilər.

“Donuz qripi” təhlükəsi yaradır...

Professor Adil Qeybulla bizimlə söhbətdə bildirdi ki, küçələrdə bu formada
şirələrin, o cümlədən kvasın satışı ağız suyundan keçən yolxucu xəstəliklərin, o cümlədən donuz qripinin yayılması baxımından təhlükə törədir. Onun sözlərinə görə, sovet dövründə az miqdarda su qatılsa da, kvasların müəyyən kefiyyəti olurdu. Amma indiki kvaslar necə hazırlanır, texniki şərtlərə əməl edilirmi, bilinmir. Digər tərəfdən, plastik qablarda konservə olunmuş kvaslar var. Onların özlərinin də dad xüsusiyyətləri kefiyyət parametrlərinə cavab vermir. Bu baxımdan da prloblem çox ciddidir.

Professor küçələrdə şirəli su satışına da şəxsən özünün diqqət yetirdiyini və gigiyenik tələblərə əməl olunmadığını müşahidə etdiyini söylədi: “Meyvədən çəkilən və dərhal istifadə olunan şirələr təzə sayılır. Ancaq mən diqqət yetirmişəm, bəzən görürsən, şirə çəkən aparatın rezervuarında şirə müəyyən qədər alır. Bu, bir neçə saat əvvəl, ondan qabaq çəkilmiş şirə də ola bilər. Əslində təzə kimi o şirələr keyfiyyətini itirmiş olur. Həmin meyvə şirələri mikroblar üçün qida mənbəyi olduğuna görə uzun müddət təmiz qala bilməzlər”.

Adil Qeybullanın sözlərinə görə, əslində şirəçəkən aparatın rezervuarı hər gün əvvəlcə axar suyla, sonra da xüsusi qaynanmış su ilə yuyulmalıdır. Şirəsi çəkiləcək meyvənin özü də iki dəfə axar suda yuyulmalıdır. Ancaq bu qaydalara nə dərəcədə riayət edilməsi də şübhə doğurur.

O qeyd etdi ki, təbii şirə adı ilə satılan şirələrlə bağlı digər bir problem də var. Şirə satılan aparatlarda çox vaxt təbii şirə olmur: “Azərbaycana gətirilən konservə olunmuş şirələrin, suların çoxu, o cümlədən yağlar kefiyət parametrlərinə cavab vermir. Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı problem yaşanır”.

Professor vurğuladı ki, pərakəndə su satışında istifadə olunan stəkanlar birdəfəlik stəkanlar olmalıdır və bir stəkandan bir neçə insanın təkrar istifadə etməsi yolverilməzdir. Çünki bu, yolxucu xəstəliklərin yayılmasına yol açır: “Eyni stəkandan təkrar istifadə problemi bizim çayxanalarda və digər yerlərdə də var. Bu məsələyə ictimai nəzarət olmalı, ciddi iş getməlidir”.

Adil Qeybulla vurğuladı ki, ümumiyyətlə, bu cür pərakəndə satış məntəqələri yolxucu xəstəliklərin, o cümlədən “donuz qripi”nin yayılması üçün potensial mənbələrdir.
Bəs müvafiq dövlət qurumları nə fikirləşirlər?

Gigiyena və Epidemologiya Mərkəzi Daxili İşlər Nazirliyinə arayış hazırlayır

Respublika Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri Zirəddin Kazımov bildirdi ki, bununla əlaqədar Gigiyena və Epidemologiya Mərkəzi monitorinq keçirib.
Monitorinqin nəticələrinə görə, Gigiyena və Epidemologiya Mərkəzi müvafiq tədbir görüb. Hazırda Mərkəz monitorinqlə bağlı yekun nəticəni və müvafiq tədbirlərin görülməsi barədə arayışı Daxili İşlər Nazirliyinə göndərməyə hazırlaşır.

Şöbə müdiri də qeyd etdi ki, açıq şirəli suların, o cümlədən kvasın satışı kəskin mədə-bağırsaq sistemi xəstəliklərinin, vərəm və digər ağciyər xəstəliklərinin yayılması üçün real şərait yarada bilər. Belə yerlərdə insanlar su içərkən eyni stəkanlardan istifadə edirlər. Ümumiyyətlə, bütün yolxucu xəstəliklər üçün belə su satışı potensial yayılma mənbələrindən biridir...

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1046

Oxşar yazılar