Gənclərlə bağlı 4 sənəd imzalandı - FOTO
21 sentyabr 2010 14:23 (UTC +04:00)

Gənclərlə bağlı 4 sənəd imzalandı - FOTO

Bu gün Gənclər və idman Nazirliyində Azərbaycan, Belarus, Ukrayna və Makedoniya hökumətləri arasında bir sıra mühüm sənədlərin imzalanma mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, imzalanmış sənədlərdən biri Azərbaycan və Belarus hökumətləri arasında bədən tərbiyəsi və idman sahəsində 2011-2012-ci illər üçün Əməkdaşlıq Proqramı haqqındadır. Sənədi Azərbaycan tərəfindən gənclər və idman naziri Azad Rəhimovla belaruslu həmkarı Oleq Kaçan imzalayıb.

İkinci saziş Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Ukraynanın Ailə məsələləri, Gənclər və İdman Nazirliyi arasında gənclər siyasəti və idman sahəsində 2011-2012-cu illər üçün əməkdaşlıq Proqramı haqqındadır. Bu sənədi də Azad Rəhimov və Ukraynanın Ailə məsələləri, gənclər və idman naziri Ravil Safiullin imzalayıb.

Gənclər və İdman Nazirliyi və Makedoniya Respublikasının Gənclər və İdman Agentliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Niyyət Protokoluna isə Azad Rəhimov və Makedoniya Respublikasının Gənclər və İdman Agentliyinin sədri Dime Spasov imza atıb.

Nəhayət, 4-cü belə razılaşma Ukrayna və Belorus arasında tədbirlər planı, Belorus və Moldova arasında bağlanıb.

Hər 4 sənəd gənclər və idman sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi və qarşılıqlı fəaliyyət proqramının genişləndirilməsi məqsədi daşıyır. Gənclər və idman naziri Azad Rəhimov imzalanma mərasimindəki çıxışında deyib ki, onun rəhbərlik etdiyi nazirlikdə hələ bu qədər nazir bir araya gəlməmişdi.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 957

Oxşar yazılar