Millət vəkili Qənirə Paşayeva Gürcüstanda yaşayan azərbaycanlı gənclərlə görüşüb
31 iyul 2010 13:30 (UTC +04:00)

Millət vəkili Qənirə Paşayeva Gürcüstanda yaşayan azərbaycanlı gənclərlə görüşüb

Novxanı qəsəbəsindəki “Aquapark” Əyləncə Mərkəzində millət vəkili, Milli Məclisin (MM) Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva ilə Azərbaycanda səfərdə olan Gürcüstandakı azərbaycanlı tələbə və gənclər təşkilatlarının bir qrup nümayəndəsinin görüşü keçirilib. Lent.az-ın məlumatına görə, Gürcüstandakı azərbaycanlı tələbə və gənclər təşkilatlarının bir qrup nümayəndəsinin Azərbaycana məlum səfəri “Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası ilə bağlı tədbirlər planı”na uyğun olaraq Gürcüstanda yaşayan gənclərin tarixi vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərləri, mədəniyyəti haqqında daha da geniş şəkildə məlumatlandırılması və yay tətilinin səmərəli təşkili məqsədi ilə reallaşdırılır.

Görüşü açan Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Füzuli Nəcəfov Q.Paşayevanın geniş təqdimata ehtiyacı olmadığını bildirərək qeyd edib ki, adıçəkilən millət vəkili Gürcüstan azərbaycanlılarına və ictimaiyyətinə çox yaxından tanış olan bir şəxsdir. “Qənirə xanım dəfələrlə Gürcüstanda olub, bu ölkədə yaşayan azərbaycanlılarla çoxsaylı görüşlər keçirib və gürcüstanlı soydaşlarımızın problemlərinin, qayğılarının həlli istiqamətində böyük səylər göstərib, böyük işlər görüb“ - deyə F.Nəcəfov bildirib.

“Bura sizlərə yad yer deyil. Bura sizlərin də vətəni sayılır” – deyən Q.Paşayeva isə görüş iştirakçılarının çoxunun ona tanış olduğunu bildirib: ”Mən bir çoxlarınızı şəxsən yaxından tanıyıram, ancaq sizlərdən elələri var ki onları ilk dəfədir görürəm. Mən bu görüşə sizinlə səmimi şəkildə müzakirə, diskussiya aparmaq üçün gəlmişəm. Bilmək istəyirəm ki, sizlər burada olduğunuz müddətdə nələrlə tanış olmusunuz, daha çox nələr yadınızda qalıb?”

Buna cavab olaraq, görüş iştirakçılarından bəziləri Bakıda olduqları bir neçə gün ərzində Azərbaycanın tarixi memarlıq abidələri, konkret olaraq, Qız Qalası, Şirvanşahlar sarayı, Atəşgah abidəsi ilə tanış olduqlarını, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasında bir qrup tarixçi, Folklor İnstitutunun əməkdaşları ilə görüşdüklərini, həmçinin Şəhidlər Xiyabanını, Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət etdiklərini bildiriblər.

Q.Paşayeva öz növbəsində “millətinin tarixini bilməyən insana mən bütöv insan kimi baxmıram” - deyə bildirib və əlavə edib ki, tarixən Gürcüstanda, öz ata-baba yurdlarında yaşayan soydaşlarımız, xüsusilə gənc azərbaycanlılarımız dövlətləri Gürcüstanla yanaşı, xalqımızın tarixini və mədəniyyətini geniş şəkildə öyrənməli və təbliği istiqamətində öz bilik və bacarıqlarını əsirgəməməlidirlər. Millət vəkili görüş iştirakçılarına virtual məkanın imkanlarından da maksimum dərəcədə səmərəli istifadə etməyi məsləhət görüb: “Təəssüf ki, gənclərimizin bir hissəsi bu imkandan ağıllı istifadə etmək, yararlanmaq əvəzinə tamamilə başqa məqsədlərlə yararlanırlar. Ancaq mən hesab edirəm ki, sizlər bu virtual məkandan çox ağıllı şəkildə istifadə edərək həm özünüzə, həm gürcüstanlı soydaşlarımıza, həm də bütövlükdə Azərbaycan insanına çox böyük xeyirlər verə bilərsiniz“.

Millət vəkili deyib ki, harada yaşamasından asılı olmayaraq Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşaması hər bir azərbaycanlını ciddi narahat etməlidir və onlar ermənilərin yalan təbliğatlarının qarşısının alınması istiqamətində və Azərbaycan həqiqətlərinin yayılması istiqamətində fəal iş aparmalıdırlar. Millət vəkili gənclərə Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə görülən işlər barədə də danışıb. O bildirib ki, Azərbaycandan kənarda o cümlədən Gürcüstanda yaşayan Azərbaycanlılar daim Azərbaycan dövlətinin və prezidentinin diqqət mərkəzindədir. Qənirə Paşayeva prezident İlham Əliyevin göstərişləri əsasında Gürcüstanda həyata keçirilən layihələri və Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri də xatırladıb və vurğulayıb ki, bu cür işlər iki ölkə arasındakı münasibətləri daha da inkişaf etdirmək, Gürcüstanın inkişafına dəstək göstərməklə yanaşı xüsusilə orada yaşayan soydaşlarımızın həyata şəraitinin, təhsilinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Görüş zamanı millət vəkili Gürcüstan azərbaycanlıları, xüsusilə qızlar arasında erkən nikah hallarının artmasından da narahatlığını bildirib və sözlərinə əlavə edib ki, bu problemin aradan qaldırılmasında hər kəs xüsusilə də qeyri-hökumət təşkilatları öz iradəsini ortaya qoymalı, kəndlərdə ciddi maarifləndirmə işləri aparmalıdırlar.

Görüş zamanı digər aktual məsələlər ətrafında da fikir mübadiləsi və diskussiya aparılıb.

Sonda qeyd edək ki, 74 nəfərdən ibarət olan Gürcüstan azərbaycanlılarının Azərbaycana səfəri bu gün başa çatır.

Bu layihə artıq 4 ildir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 430

Oxşar yazılar