26 qəzetin adı “qara siyahı”dan çıxarıldı
06 iyul 2010 15:30 (UTC +04:00)

26 qəzetin adı “qara siyahı”dan çıxarıldı

Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib


Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib.

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, iclasda ilk olaraq Azərbaycan milli mətbuatın 135 illik yubileyi ilə əlaqədar Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrinin bir qrupunun oradan çıxarılması məsələsi ətrafında müzakirələr aparılıb.


Qeyd olunub ki, adları “qara siyahı”ya salınan nəşrlərin oradan çıxarılması ilə bağlı prosedurlar “Reket nəşr”lərin müəyyənləşdirilməsinə dair Təlimat” da əksini tapıb. Lakin bu proses bağışlanma əhəmiyyəti daşıdığından və yubileylə bağlı həyata keçirildiyindən istisna hal kimi yeni şərt və prinsiplərin müəyyənləşdirilməsinə ehtiyac yaranıb. Mətbuat Şurasının tərkibində fəaliyyət göstərən “Apelyasiya Qrupu” ötən müddət ərzində bununla bağlı məsələləri də araşdırıb.


Qrupun rəhbəri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ötən müddətdə Şuraya “qara siyahı”»dan çıxarılma ilə bağlı ünvanlanan müraciətlərin əksəriyyətinin nəzərdən keçirldiyini, Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası ilə birgə ayrı-ayrı nəşrlərin materialları əsasında monitorinqlərin aparıldığını diqqətə çatdırıb. İdarə Heyəti “Apelyasiya Qrupu”nun fəaliyyətini qənaətbəxş sayaraq, qurumun və “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının birgə təqdimatını təsdiqləyib. Müzakirələrdən sonra 26 kütləvi informasiya vasitəsinin adının “qara siyahı”dan çıxarılması məqsədəuyğun sayılıb. Yeni siyahının yaxın günlərdə ölkənin aparıcı KİV-lərində dərc edilməsi qərara alınıb.


Gündəlikdəki növbəti məsələ Ali Media Mükafatı ilə bağlı olub. Müzakirələrdən sonra mükafatın Əsasnaməsi təsdiqlənib. Qərara alınıb ki, mükafat bir, iki və üç dərəcədə olmaqla ümumilikdə 9 nəfərə verilsin. Bu zaman həmin şəxslərin Azərbaycan mətbuatının inkişafındakı xidmətləri əsas götürülsün. Mükafatın hər il Milli Mətbuat Günü ərəfəsində təqdim olunması da qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450

Oxşar yazılar