FHN işçiləri arasında stolüstü tennis çempionatı keçirilib
25 iyun 2010 13:00 (UTC +04:00)

FHN işçiləri arasında stolüstü tennis çempionatı keçirilib

Yanğınsöndürənlər yarışmanın qalibi olublar

İyun ayının 22-24-də Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumları arasında stolüstü tennis üzrə çempionat keçirilib. Lent.az-ın FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğınsöndürənlər yarışın ən güclüləri olub.


23 komandada 46 idmançı dörd qrupda gücünü sınayıb. Birincilik respublika dərəcəli hakim Nəriman Abdullayev, hakimlər Emin Abdullayev, Aydın Zeyniyev və Əli Bayramov tərəfindən idarə olunub.


Şəxsi və komanda xarakterli çempionat beynəlxalq qaydalara görə üç setdən ibarət olub. Hər qrupda qalib gəlmiş iki komanda növbəti mərhələyə keçib. Şəxsi birincilik üzrə yarışların qalibləri isə 46 idmançı arasından ən yaxşı nəticə göstərən 16 idmançı arasından seçilib.


Komandalar arasında keçirilən yarışlarda ən yaxşı nəticəni Dövlət Yanğından Mühafizə Xidmətinin komandası göstərərək birinci yerə layiq görülüb. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Qəbələ Regional Mərkəzinin və Aviasiya dəstəsinin komandaları bölüşüb.


Gərgin mübarizə şəraitində keçən şəxsi birincilikdə isə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Tofiq Rzayev ən güclü olduğunu nümayiş etdirib və yarışın qızıl medalına sahib olub. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Rasim İsmayılov ikinci, Qəbələ Regional Mərkəzinin əməkdaşı Möylan Xəlilov isə üçüncü yerə layiq görülüb.


Çempionatın qapanış mərasimində çıxış edən FHN İdman-sağlamlıq Klubunun rəisi Füzuli Musayev qalib gəlmiş komandaları və idmançıları təbrik edib. Çempionatda ilk 3 yeri tutmuş komandalar kuboklarla, şəxsi birincilikdə fərqlənən idmançılar isə medallar və hədiyyələrlə mükafatlandırılıblar.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510

Oxşar yazılar