Magistraturaya ikinci imtahan iyunun 20-də olacaq
05 iyun 2010 17:30 (UTC +04:00)

Magistraturaya ikinci imtahan iyunun 20-də olacaq

Bakalavrlar iyunun 7-dən 12-dək elektron ərizələrinə daxil olaraq qəbul proqramını seçib təsdiq etməlidirlər


Magistratura pilləsinə qəbul imtahanının ikinci mərhələsi iyunun 20-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İlk mərhələdən keçən bakalavrların bilikləri test üsulu ilə yoxlanılacaq.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a bildiriblər ki, imtahanların nəticələri elan olunduqdan sonra bakalavrlar iyunun 22-dən 25-dək magistratura müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə seçim aparacaqlar. Magistraturaya mayın 2-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar (ümumi balı 50-dən az olmayan bakalavrlar) imtahanın ikinci mərhələsinə buraxılır və proqram seçimində iştirak edirlər. Bunun üçün bakalavrlar iyunun 7-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Bundan sonra bakalavrlar 2010-cu il iyunun 17-dən 19-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.


İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə yazılı imtahanla) yoxlanılır. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.


Komissiyada deyirlər ki, “Magistr” jurnalının dünən çapdan çıxmış 4-cü sayında 2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi, proqram və ixtisaslaşma seçimi haqqında elan, “Bakalavrın elektron ərizəsi”ndə qəbul proqramının seçilməsi və təsdiqi üçün təlimat və digər məlumatlar əksini tapıb. Qaydalara görə, təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslaşmaları seçmək (müsabiqədə iştirak etmək) hüququnu qazanmaq üçün bakalavrın iki mərhələ üzrə imtahandan topladığı ümumi bal (balların cəmi) 75-dən, o cümlədən ixtisas üzrə testdən (essedən, tərcümədən, suallara yazılı cavabdan) topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslaşmaları seçmək üçün isə, bunlarla yanaşı, imtahanın birinci mərhələsində bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalıdır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566

Oxşar yazılar