XİN Kaliforniya ştatında qəbul edilən qətnaməni “təxribat” adlandırdı
09 may 2014 14:38 (UTC +04:00)

XİN Kaliforniya ştatında qəbul edilən qətnaməni “təxribat” adlandırdı

“ABŞ-ın Kaliforniya ştatının yerli assambleyası tərəfindən 8 may tarixində qəbul edilmiş qətnamə deklarativ xarakterli olaraq, heç bir siyasi və hüquqi gücə malik deyil”. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin Lent.az-a verdiyi məlumata görə, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri olaraq, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi əsasında həllinə dəstək verir. ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyi ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədrinin son açıqlamalarında da öz əksini tapıb: “Kaliforniya ştatının yerli assembleyasında olan erməni diaspora nümayəndələri və onların əlində alət olan və maliyyə ianələri hesabına fəaliyyət göstərən şəxslər öz şəxsi maraqlarını və tamah hisslərini hər şeydən üstün tutaraq, erməni lobbisinin sifarişi və hazırladığı ssenari əsasında belə bir ədalətsiz addıma imza atıblar. ABŞ ictimaiyyətinin nümayəndələrinin etirazları ilə qarşılaşan bu sənəd ilk növbədə ABŞ-ın mövqeyinə və maraqlarına ziddir.

 

Qətnamənin məqsədyönlü şəkildə mayın 8-də - Azərbaycanın Şuşa şəhərinin işğalının 22-ci ildönümü günündə qəbul edilməsi bilavasitə təxribat xarakteri daşıyaraq, özünü demokratiya “carçısı” adlandıran insanların təcavüz, işğal və etnik təmizləməni təşviq edən əsl mahiyyətini bir daha ortaya qoymuş olur. 

 

Münaqişənin əsl mahiyyətinə göz yuman və yalnız öz məhdud maraqları çərçivəsində fəaliyyət göstərən erməni lobbisi, onun əlində alət olan şəxslər münaqişənin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə töhfə vermək əvəzinə, bu təxribatçı addımları ilə regiondakı vəziyyətin gərginləşməsinə rəvac verirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 858
avatar

Oxşar yazılar