Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların təşəbbüsü ilə 19-21 dekabr 2012-ci ildə Bakıda keçirilən “Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunun yekunu olaraq yaradılan “Bakı platforması”, Vyanada BMT-nin Sivilizasiyalar Alyansının V Dünya Forumunda geniş təqdim edilib. Bu barədə Lent.az-a DQİDK-in mətbuat xidmətindən məlumat verilib.
Dövlət Komitəsinin sədri Elşad İskəndərov iki gün ərzində keçirdiyi çoxsaylı ikitərəfli görüşlərdə dinlərarası hörmət əlaqələrinin qurulması naminə çalışacaq və dünyanın aparıcı dini liderlərini sıralarında birləşdirən və Bakı platforması adı ilə yaradılan şəbəkəni tərəf müqabillərinə təqdim edib. Mərkəzi Vyanada yerləşən Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Faysal bin Abdulrahman bin Muammar ilə görüşdə Komitə sədri Bakı platformasının müasir dünyada dini liderlərin konkret layihələrin həyata keçirilməsi sahəsində bir araya gələ biləcəklərinin bariz sübutu ola biləcəyini vurğulayıb.
Bununla belə Komitə tərəfindən nəşri hazırlanmış Bakı platforması və I Bakı Forumu haqqında kitab Vyanada keçirilən Sivilizasiyaların Alyansı Forumunda geniş təqdim olunub.
Qeyd edək ki, artıq iki gündür davam edən Forumda bir sıra din və elm adamları "Bakı Platforması”na qoşulacaqlarını açıqlayıblar.