2013-cü il aprelin 3-də ABŞ-ın Vest Virciniya ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə qətnamə qəbul edib.
Lent.az-a ABŞ-dakı səfirliyimizdən daxil olan məlumata görə,qətnamədə erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş cinayətin qurbanları anılır və Xocalı hadisələrinin 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən hərbi təcavüz və etnik təmizlənmənin tərkib hissəsi olduğu vurğulanıb.
Qətnamədə həmçinin Xocalı faciəsinin beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən adət hüququnun kobud şəkildə pozulduğu dəhşətli faciə kimi qiymətləndirildiyi əks olunub.
Qeyd edək ki, Vest Virciniya ştatı ilə yanaşı, ABŞ-ın digər ştatları, o cümlədən Pensilvaniya, Missisipi, Meyn, Texas, Arkanzas, Oklahoma, Nyu Meksiko, Tenesi ştatlarının qanunverici orqanlarında da Xocalı faciəsi ilə əlaqədar qətnamələr qəbul edilib.