Türkiyənin Turqutlu şəhərində Xocalı Soyqırımının 21-ci ildönümü ilə bağlı konfrans keçirilib. Lent.az-ın məlumatına görə, konfransda çıxış edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva bildirib ki, Azərbaycan xalqının soyqırıma məruz qaldığını dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə duyurmaq və bütün dünyanın Xocalı Soyqrımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər təşkil edilir.
Q.Paşayeva ermənilərin 21 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini və bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu deyib. Millət vəkili bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.
Tədbirdə iştirak edən DAK başkan yardımçısı Asif Kurban , Azərbaycan Kültür və Dayanışma Dərnəyi rəhbəri Turgut Aran, Azərbaycan Öyrəncilər Təmsilçisi Cavid Əliyev, doc.dr Vefa Kurban, dr.Hüseyn Adıgözel də çıxış edərək bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd ediblər. Tədbirin sonundan konfrans iştirakçılarının sualları cavablandırılıb və ətraflı fikir mübadiləsi aparılıb.