Lent.az-ın məlumatına görə, tədbirdə iştirak edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva bildirib ki, Azərbaycan xalqının soyqırıma məruz qaldığını dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə duyurmaq və bütün dünyanın Xocalı soyqrımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər təşkil edilir. Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.
Konfransda çıxış edən Uşak Universitetinin rektoru professor Said Çelik Azərbaycanın problemlərinin onların da problemi olduğunu söylədi və gənclərimiz arasında Xocalı Soyqırımı, Qarabağ həqiqətləri ilə bağlı bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.
Tədbirin sonundan konfrans iştirakçılarının sualları cavablandırılıb və ətraflı fikir mübadiləsi aparılıb.