Türkiyədə Əhməd Cavadın 125 illik yubileyi keçirilib
06 may 2017 19:00 (UTC +04:00)

Türkiyədə Əhməd Cavadın 125 illik yubileyi keçirilib

Türkiyənin Qars vilayətində Azərbaycanın və bütün Türk dünyasının böyük aydını, milli istiqlal şairi Əhməd Cavadın 125 illik yubileyi ilə bağlı tədbir keçirilib.

 

Lent.az-ın məlumatına görə, Qafqaz universitetində keçirilən tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu gün Türk gəncləri Əhməd Cavadın fikir və düşüncələrindən, həyat yolundan çox şey öyrənməlidirlər: "20-ci əsrin əvvəllərində Qars bölgəsi də daxil olmaqla Anadoluda insanlar Sarıqamış faciəsini yaşayanda Əhməd Cavad Azərbaycandan yardımların toplanılıb buralarda yaşayan insanlara çatdırılması, millətimizin səsini daha geniş duyurmaq üçün çalışırdı. Yetim qalan qız uşaqlarının normal ailələrə verilməsində iştirak edərək bu qızlar bizim namusumuzdur, onları öz övladlarınızdan ayırmadan böyüdün və yetişdirin deyirdi. 20-ci əsrin əvvəllərində Türkiyə üçün, Azərbaycanın müstəqilliyi üçün bəzən silaha, bəzən qələmə sarılırdı. Dünyanın harasında yaşamasından asılı olmayaraq gecə-gündüz milləti üçün çalışırdı. Buna görə Əhməd Cavad heç bir zaman unudulmayacaq və hər zaman sevgi, sayğı ilə anılacaq".

 

 

Millət vəkili qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır deyib və Azərbaycan xalqının hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb.

 

Q. Paşayeva çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən danışaraq bildirib ki, hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir.

 

Tədbirdə tanınmış alim Prof. Yavuz Akpınar Əhməd Cavadla bağlı geniş məruzə ilə çıxış edib. Tədbirin təşkilatçısı Qafqaz Universitetinin bölüm başqanı, Dos.Afina Barmanbay, Azərbaycan Milli Elmlər Akademiyasının təmsilçisi Prof. Rəna Mirzəzadə, Qars Universitetinin müəllimi, Doç.Dr.İlkin Guliyev Əhməd Cavadın həyatı, fəaliyyəti, yaradıcılığı ilə bağlı çıxışlar ediblər.

 

Tədbirin sonunda Əhməd Cavad ailəsi adından çıxış edən Cavad Axundzadə ailəsi ilə bağlı bəzi xatirələrini bölüşməklə yanaşı qardaş Türkiyədə, Əhməd Cavadın çox sevdiyi bu Vətən torpaqlarında, Qarsda belə bir tədbirin təşkili üçün təşkilatçılara təşəkkürünü bildirib.

# 185
avatar

Oxşar yazılar