Tehran stadionunda Ermənistan bayrağı aranı qarışdırdı
09 mart 2013 10:53 (UTC +04:00)

Tehran stadionunda Ermənistan bayrağı aranı qarışdırdı

 

İranın paytaxtı Tehran şəhərində martın 8-də yerli vaxtla saat 17:30-da ölkə çempionatının 29-cu həftəsi çərçivəsində Təbrizin “Traktor” futbol komandası ilə Tehranın “İstiqlal” komandası qarşılaşıb.

 

APA-nın məlumatına görə, “Azadi” stadionda keçirilən oyunu 75 min azarkeş izləyib. Onlardan  təxminən 35 min nəfərinin “Traktor”, qalanlarının isə qarşı komandanın azarkeşi olduğu bildirilir. Oyundan əvvəl polis “Traktor” azarkeşlərinin üst-başını yoxlayaraq stadionda plakat açmalarına icazə verməyib. Lakin “İstiqlal” azarkeşləri üzərində fars dilində “Azərbaycan İranın ayrılmaz parçasıdır” yazılmış plakat açıblar.

 

Bunu görən bir neçə azərbaycanlı gənc plakatı cıraraq yerə atıblar. Nəticədə tərəflər arasında kiçik insident baş verib. Qarşılaşmanın ilk dəqiqələrində “İstiqlal” azarkeşləri “Azərbaycan İrandır!”, “Traktor” azarkeşləri isə “Yaşasın Azərbaycan, “Traktor” qəhrəman!” şüarlarını səsləndiriblər. Növbəti dəqiqələrdə “İstiqlal” azarkeşləri stadionda Ermənistanın bayrağını qaldırıblar. Bu isə azərbaycanlı azarkeşlərin ciddi etirazına səbəb olub. Buna cavab olaraq “Traktor” azarkeşləri “Qarabağ bizimdir, bizim olacaq!”, “Körfəz ərəblərindir”, “Biz hara, farslar hara?” şüarlarını səsləndiriblər. Stadionda olan polislər Ermənistanın bayrağına etiraz etməyiblər.

 

Qeyd edək ki, fevralın 26-da Təbrizdə “Traktor” komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əlcəzirə” klubu arasında keçirilmiş görüşdə “Traktor” azarkeşləri üzərində ingilis dilində “Güney Azərbaycan İran deyil” və “1992 Khojali Genocide” yazılmış plakatlar qaldırıblar. Plakatların açılması İranda ciddi narazılığa səbəb olub, yüzdən çox azərbaycanlı azarkeş həbs edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2667
avatar

Oxşar yazılar