Şura təmsilçiləri Ankarada görüşlərini davam etdirir
08 mart 2013 16:10 (UTC +04:00)

Şura təmsilçiləri Ankarada görüşlərini davam etdirir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  nümayəndə heyəti Türkiyədə görüşlərini davam etdirir. Vətəndaş cəmiyyəti təşkilatları ilə iş sahəsində zəngin təcrübəyə malik olan Türkiyədə nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin  Avropa Birliyi üzrə  Nazirliyinin müstəşarı Haluk İlicak ilə görüşüb. Görüşdə H.İlicak nümayəndə heyətinə Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı danışıqların hazırkı vəziyyəti haqqında geniş məlumat verərək, bu prosesdə vətəndaş cəmiyyəti institutlarının xüsusi önəm daşıdığını vurğulayıb. O qeyd edib ki, 2002-ci ildən bu günə qədər Avropa Birliyinin xətti ilə Türkiyədə 59 layihəyə 380 milyon avro vəsait ayrılmış və bu vəsaitlərin 30 faizi vətəndaş cəmiyyətinə aid layihələrə yönəldilib.

 

Şura sədri A.Quliyev Türkiyənin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirərək ümumi maraqlarımız naminə birgə əməkdaşlığın vacibliyini qeyd edib. H.İlicak vətəndaş cəmiyyəti ilə bağlı ən yaxşı təcrübəni bölüşməyin və ortaq layihələrin həyata keçirilməsinin faydalı ola biləcəyini vurğulayıb.   

 

Nümayəndə heyətinin növbəti görüşü Yurtdışı Türklər və Əqrabalar Başqanı Kamal Yurdçin ilə keçirilib. Görüşdə qurumun fəaliyyəti, müxtəlif ölkələrdə yaşayan soydaşlarla iş, onların haqlarının müdafiəsi və təşkilatlanması, habelə diaspor fəaliyyəti ilə əlaqədar vətəndaş cəmiyyətinin layihələrinin dəstəklənməsinin zəruriliyi qeyd edilib. K.Yurdçin bildirib ki, Yurtdışı Türklər və Əqrabalar Başqanlığı vasitəsilə hər il dünyanın 140 ölkəsindən 4 min tələbə Türkiyə universitetlərində təhsil alır. Görüşdə müxtəlif ölkələrdə yaşayan Azərbaycan və Türkiyə diasporlarının əməkdaşlığının daha da genişləndirilməsi üçün müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəlinib. 

 

Proqram çərçivəsində növbəti görüş İnkişaf Nazirliyində keçirilib. İnkişaf nazirinin müavini Mehmet Ceylan Şuranın nümayəndə heyətinə bildirib ki, təmsil etdiyi qurum Türkiyənin yaxın və uzaq müddətə strateji inkişafının planının hazırlanması ilə məşğuldur. M.Ceylan 2023-cü ildə Türkiyənin dünyanın ən inkişaf etmiş 10 ölkəsi sırasına daxil olmasının və adambaşına düşən milli gəlirin 25 min dollara çatdırılmasının hədəfləndiyini bildirib. Nazir müavini bu prosesdə vətəndaş cəmiyyəti qurumlarının da xüsusi yer tutduğunu və bu qurumlar vasitəsilə çoxsaylı layihələrin həyata keçirildiyini qeyd edib.

 

Keçirilən bütün görüşlərdə qarşılıqlı əlaqələrə institusional xarakter vermək və bu əməkdaşlığı daha inkişaf etdirmək üçün birgə işçi qrupun yaradılması barədə razılıq əldə olunub. 

 

Nümayəndə heyəti Ankarada Heydər Əliyev xatirəsinə ucaldılmış abidəni ziyarət edərək abidənin önünə gül çələngi qoyub. Daha sonra nümayəndə heyəti Atatürk Anıt Qəbri və Atatürk Xatirə Muzeyini ziyarət edib.

 

Nümayəndə heyətinin görüşləri davam edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510
avatar

Oxşar yazılar