Rusiya-Azərbaycan-Türkiyə QHT-lərinin üçtərəfli formatda forumu keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəvəti ilə Rusiya Federasiyası İctimai Palatasının nümayəndə heyəti Bakıya 3 günlük səfərə gəlib.
Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İctimai Palata katibinin birinci müavini Mixail Ostrovskinin rəhbərlik etdiyi nümayəndə heyəti martın 10-da Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.
Nümayəndə heyətini martın 11-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev qəbul edib. Görüşdə Rusiya-Azərbaycan dostluğu və qarşılıqlı əməkdaşlığın indiki səviyyəsindən məmnunluq ifadə olunub, iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Səfər proqramı çərçivəsində martın 12-də Şura ilə Rusiya Federasiyasının İctimai Palatası arasında “Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Memorandum”un imzalanması nəzərdə tutulur. Həmin gün Rusiya-Azərbaycan-Türkiyə QHT-lərinin üçtərəfli formatda forumunun keçirilməsi planlaşdırılır.