“Milli Şura ona görə anormal qurumdur ki, buradakı hər bir siyasi partiya xalq tərəfindən heç bir dəstəyi olmadığı halda, hərəsi özü üçün bu qurumda divident axtarır, vəzifə tutmaq istəyir”.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
S. Novruzov qeyd edib ki, məhz bu səbəbdən indi Müsavatda partiyaya yeni sədrin seçilməsi məsələsi, AXCP-də isə Əli Kərimliyə qarşı narazı qüvvələr meydana gəlib: “Ona görə də bu partiya sədrləri partiyadan uzaqlaşdırılacaqları təqdirdə Milli Şurada özlərinə vəzifə tutmaq istəyirlər. Daha dəqiqi, partiya sədrliyi əvəzinə Milli Şurada sədrlik postunu ələ keçirmək üçün mübarizə aparırlar. Bu baxımdan ortaya atıblar ki, Rüstəm İbrahimbəyov burada yoxdur, həmsədrlik postu təsis olunmalıdır”.
Milli Şurada hazırda ciddi qarşıdurma olduğunu deyən S. Novruzov Arif Hacılının R. İbrahimbəyova və digər ziyalılar haqqında fikirlərini xatırladıb: “Ziyalıların böyük əksəriyyəti bu prosesə qoşulmadılar, Cəmil Həsənlinin namizədliyini dəstəkləmədilər. Hətta mitinqlərdə çıxışlardan imtina ediblər. Çünki onlar bilirdilər ki, bu, bir oyundur”.
YAP rəsmisi ona da deyib ki, belə davam eləsə, Müsavat və AXCP sədrləri istefa verməsələr, bu partiyalar qısa müddətdə dağılacaq: “O partiyaların rəhbərləri partiyanın qeydinə qalırlarsa, şəxsi mənafelərini partiyadan az da olsa, üstün tutmurlarsa, onlar o postdan uzaqlaşmalıdırlar ki, partiyalara indiki şəraitdə yaşamaq üçün yeni nəfəs gəlsin. 20 ildən artıqdır, sədrdirlər və partiyalarına şəxsi obyekt kimi baxırlar, partiyanı şəxsi gəlir mənbəyinə çeviriblər. Ona görə də partiyaların dağılmağını istəmirlərsə, artıq buradan gəlir mənbəyi kimi istifadə etməkdən əl çəkib istefa verməlidirlər. Partiyaların yaşaması üçün ora eyni qüvvələr gəlməlidir. Ondan sonra bəlkə bu tənəzzüldən xilas ola bilələr”.