Siyavuş Novruzov: “Bu qədər bələdiyyə üzvü nəyə lazımdır”
15 fevral 2013 14:29 (UTC +04:00)

Siyavuş Novruzov: “Bu qədər bələdiyyə üzvü nəyə lazımdır”

Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunub.

Lent.az-ın verdiyi məlumata görə, millət vəkili Fazil Mustafa deyib ki, bələdiyyələrin büdcəsində işçilərinə belə vermək üçün vəsait yoxdur.

O bildirib ki,  bələdiyyə özünü, seçildiyi ərazinin insanlarını idarə edə bilmir: “Biz bələdiyyələrin səlahiyyətini artırmaqla dövlətin yükünü azalda bilərik. Neçə ildir ki, bələdiyyə yaradılıb, xəritələri yoxdur. Nə müstəqil şəkildə torpaq icarəyə verir, nə də müstəqil hərrac keçirə bilirlər. Bələdiyyə torpaq verir, sonra da deyirlər ki, bu, ARDNŞ-in torpağıdır. Bələdiyyə öz ərazisində nəqliyyat, dayanacaq məsələsini həll etmək səlahiyyətində belə deyil”.

Millət vəkili Elmira Axundova 2013-cü ildə bələdiyyələrlə deputatlar arasında görüşlərin keçirilməsini təklif edib: “Çünki torpaqların qanunsuz verilməsi və digər məsələlərlə bağlı şikayətlər daxil olur. Torpaqda çalışan insanlar hələ də bilmirlər ki, torpaq artıq hərracla satılır, icarəyə verilir. Bələdiyyələr bu sahədə maarifləndirmə aparmalıdır. Bələdiyyə orqanlarına işə qəbul necə həyata keçirilir? Bələdiyyə işçilərinin etik davranış qaydaları hazırlanmalıdır”.

Millət vəkili Əli Məsimli bələdiyyələrin inkişaf proqramının hazırlanmasını, bələdiyyələrin status və səlahiyyətlərinin yüksəldilməsi istiqamətində addımlar atılmasını təklif edib. Onun sözlərinə görə, hər 6 bələdiyyədən birin xəritəsi yoxdur: “Torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin qalan bələdiyyələrə də verilməsini təklif edirəm. Bu gün bu xəritələrin olmamasından vətəndaşlar əziyyət çəkir, bələdiyyələrin verdikləri torpaqlarla bağlı məhkəmə prosesləri ilə üzləşirlər. Bakı Böyük Şəhər bələdiyyəsinin yaradılması, digər böyük şəhərlərdə də belə bələdiyyələrin yaradılması yerli özünüidarə sahəsində böyük irəliləyiş olardı”.

Millət vəkili Tahir Rzayev bütün problemlərin bələdiyyələrin üzərinə yıxılması ilə razılaşmadığını vurğulayıb: “Sosial sifarişlərin bələdiyyələrə verilməsi haqqında prezident fərman imzaladı, Nazirlər Kabineti qərar verdi. Bələdiyyələrə verilən bu səlahiyyətləri inkar etmək olmaz. Biz yaxşı bələdiyyələrin işini təbliğ etməliyik”.

Millət vəkili Qüdrət Həsənquliyev bələdiyyələrin səlahiyyətinin artırılmamasından şikayətlənib: Prezident son çıxışında yerli və mərkəzi icra orqanlarının rəhbərlərini tənqid etdi. İnsanlar gözləyirlər ki, bu sahədə vəziyyət dəyişəcək. Rayonlarda icra başçılarına həm polis, həm digər dövlət qurumları tabe etdirilirsə, bəzi hallarda bu səlahiyyətlərdən düzgün istifadə edilmir. Bələdiyyələrə 5 milyon yox, 20 milyon manat vəsait ayrılsa da, vəziyyət dəyişməyəcək. Bundan da artıq vəsaiti Bakı şəhər İcra Hakimiyyəti Bakı üçün xərcləyir, bir nəticə yoxdur. Çünki Bakı şəhər Böyük Bələdiyyəsi və bu vəsaitlər üzərində ictimai nəzarət yoxdur”.

Millət vəkili Zahid Oruc bələdiyyə sədrini yerli əhalinin seçməsini təklif edib: “Bu halda bir çox neqativ hallardan qurtulacağıq”.

YAP icraçı katibinin müavini Siyavuş Novruzov isə qanunvericiliklə bələdiyyələrə kifayət qədər səlahiyyət verildiyini bildirib: “Bəzən Türkiyə və digər ölkələrdəki bələdiyyələrlə müqayisə aparılır. Azərbaycan prezident üsul-idarəsinin olduğu ölkədir. Yerlərdə prezidentin səlahiyyətli nümayəndəsi var. Yeri gəlmişkən, Türkiyədə kəndə 1 muxtar seçilir. Azərbaycanda da kənddə çox sayda bələdiyyə üzvünə nə ehtiyac var. Yaxud rayon mərkəzində 18 bələdiyyə üzvünə nə ehtiyac var? Minimum 1, böyük rayonlarda isə 3 nəfər bələdiyyə üzvü yetərlidir. Digər tərəfdən, rayonun icra başçısı dəyişən kimi bələdiyyənin də sədrini dəyişir. İcra başçısının istəyi ilə 18 bələdiyyə üzvü arasında fikir ayrılığı yaranır, intriqa başlanır, yeni sədr seçilir. Əgər bələdiyyə sədrini camaat seçərsə, belə problemlər də olmaz”.

Millət vəkili Aqil Abbas bələdiyyə üzvlərinin sayının az olması, kənd muxtarlarının seçilməsi ilə bağlı təklifi dəstəkləyib.

Sonda deputatların çıxışına münasibət bildirən ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib ki, Azərbaycanda torpaq siyasəti Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilir. Vilayət Zahirov qeyd edib ki, 2005-ci ildə açıq hökumət və şaffaflıqla bağlı Milli Fəaliyyət Planı qəbul edilib: Burada əsas məsələlərdən biri də bələdiyyələrdə işə qəbulun müsabiqə əsasında həyata keçirilməsidir. Ədliyyə Nazirliyi bununla bağlı bələdiyyələrə məktub göndərilib. Milli Fəaliyyət Planında bu işin 2015-ci ilə qədər başa çatdırılması əksini tapıb”.
O, millət vəkillərinin təkliflərinin nəzərə alınacağını bildirib.

Sonda məruzə səsverməyə çıxarılaraq qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2014
avatar

Oxşar yazılar