“Çəkisi 30 tondan artıq olan yük avtomobillərinin Azərbaycandan İrana getməsinə məhdudiyyət qoyulması Culfada Araz çayı üzərindəki körpünün köhnəlməsi ilə əlaqədardır”.
Bunu APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.
Onun sözlərinə görə, bu məhdudiyyətin Biləsuvar və Culfa gömrük-keçid məntəqələrində ötən günlərdə yaşanan problemlərlə heç bir bağlılığı yoxdur: “Məhdudiyyət yalnız Culfa gömrük-keçid məntəqəsini keçmək istəyən yük maşınlarına aiddir, Biləsuvar gömrük-keçid məntəqəsinə aid deyil. İrana aid yük maşınları da bu qaydaya riayət etməli olacaq”.
Səfir qeyd edib ki, artıq Azərbaycanın rəsmi şəxsləri və gömrük orqanları məsələ ilə əlaqədar məlumatlandırılıb: “Azərbaycan tərəfi ilə yeni körpünün inşasına dair danışıqlar aparırıq. Ümid edirik ki, bu körpü tezliklə açılacaq və avtomobillərin tonnajı ilə bağlı heç bir məhdudiyyət olmayacaq”.
Qeyd edək ki, noyabrın 8-də İranın Azərbaycandakı səfirliyi Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrinin bağlanması ilə bağlı bəyanat yayıb. Səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahinin adından yayılan bəyanatda bildirilir ki, bu addıma səbəb Azərbaycan sərhədçilərinin noyabrın 6-da Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlamasıdır.
Seyid Məhəmməd Ayətullahi bildirib ki, İran iki gün gözlədikdən sonra sərhəd-keçid məntəqəsi açılmadığı üçün Azərbaycan tərəfini qabaqcadan məlumatlandıraraq, Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.
Bir neçə gündən sonra bağlanan sərhəd-keçid məntəqələrdə piyadalar üçün qoyulan məhdudiyyət aradan qaldırılsa da, avtomobillər sərhəddən buraxılmırdı.
Biləsuvar sərhəd-keçid məntəqəsi isə noyabrın 15-də açılıb.