APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Parlamentskaya qazeta"nın mətbuat mərkəzində keçirilən tədbirdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Rusiya İctimai Palatasının Beynəlxalq əməkdaşlıq və ictimai diplomatiya komissiyasının sədri, politoloq Sergey Markov, Dövlət Dumasının deputatları Sergey Savelyev və Mixail Nenaşev iştirak ediblər.
Dəyirmi masada çıxış edən səfir Polad Bülbüloğlu Rusiya-Azərbaycan münasibətlərindən danışıb. Səfirin sözlərinə görə, Rusiya ilə münasibətlər Azərbaycan üçün çox vacibdir: "Azərbaycan-Rusiya münasibətləri xüsusi münasibətlərdir. Rusiya bizim ən böyük şimal qonşumuzdur. İki ölkə arasındakı münasibətlərdə Dağlıq Qarabağ münaqişəsindən başqa, heç bir problem yoxdur. Təbii ki, Rusiya bu problemlə bir başa bağlı deyil. Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vastəçi ölkə kimi çıxış edir".
Səfir Azərbaycanın müstəqil siyasət yürütdüyünü, beynəlxalq təşkilatlarda milli maraqlara uyğun addım atdığını bildirib.
Azərbaycanın iqtisadi cəhətdən zəngin ölkə olduğunu söyləyən Polad Bülbüloğlu bildirib ki, MDB ölkələri arasında ən az xarici borcu olan ölkə Azərbaycandır: "Bizim çoxlu valyuta ehtiyatımız var. Dövlət tərəfindən Azərbaycan xalqının rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır, dövlət proqramları qəbul olunub. Azərbaycanın təkcə paytaxtı Bakı deyil, digər regionlardakı şəhərləri də abadlaşdırılır".
Səfir Rusiya-Azərbaycan xalqları arasında da mehriban əlaqələrin olduğunu söyləyib: "İki xalq arasında qurulmuş mehriban, qarşılıqlı hörmət ənənələrinin qorunub saxlanılması önəmlidir. Qeyd etmək istəyirəm ki, Azərbaycanda rus dilinə hörmət çox böyükdür. Sövetlər İttifaqı dağılandan sonra Azərbaycanda heç bir rus məktəbi və universiteti bağlanmayıb. Əksinə yeni rus dilli orta məktəblər, ali məktəblər fəaliyyətə başlayıb. Bir neçə il bundan əvvəl fəaliyyətə başlayan Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialını buna misal göstərə bilərəm".
Azərbaycan və Rusiya Xarici İşlər nazirliklərinin də sıx əməkdaşlıq etdiyini vurğulayan səfir bildirib ki, prezidentlərin və xarici işlər nazirlərinin qarşılıqlı səfərləri Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsindən xəbər verir: "Hər il Azərbaycan və Rusiyanın xarici işlər nazirləri qarşılıqlı səfərlər edirlər. Parlamentlərimiz də sıx əmkdaşlıq edir. Gələn ayın 5-6-da Azərbaycan parlamentinin sədri Oqtay Əsədov Moskvaya rəsmi səfərə gələcək. Dövlət Dumasının sədri Sergey Narışkinin dəvəti əsasında gerçəkləşəcək səfər zamanı parlamentlərarası əlaqələr müzakirə olunacaq".
Daha sonra çıxış edən politoloq Sergey Markov, Dövlət Dumasının deputatları Sergey Savelyev və Mixiail Nenaşov Azərbaycanın sürətlə və inkişaf etdiyini vurğulayıblar. Əsası Heydər Əliyev tərəfindən qoyulan siyasətin bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər: "1992-93-cü illərdə Azərbaycanda vəziyyət hazırda Ukraynada olduğu kimi idi. O zaman xalq Heydər Əliyevi köməyə çağırdı. Görkəmi siyasətçi, təcrübəli dövlət xadimi Heydər Əliyev xalqını düşdüyü ağır vəziyyətdən xilas edə bildi".