ATƏT-in Minsk qrupunun həmsədrlərinin Bakıya səfərinin əsas məqsədi yeni fransalı həmsədr Pyer Andrieni Azərbaycan prezidentə təqdim etməkdir.
APA-nın məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye bildirib.
Səfir yeni həmsədri çox yaxşı tanıdığını vurğulayıb: “Biz 20 il əvvəl tanış olmuşuq. Mən Çində diplomat kimi işləyərkən, o mənim müavinim olub. Sonra Moskvada işləyib, ardınca səfir kimi Tacikistan və Moldovada çalışıb. Ona görə də keçmiş sovet ittifaqı ölkələrini yaxşı tanıyır”.
Səfirin sözlərinə görə, Jak For iyun ayının ortasına kimi həmsədr vəzifəsində qalacaq, bu vaxta kimi isə Pyer Andrie səfərlərdə onunla bərabər olacaq.
P. Mönye əlavə edib ki, 20 illik atəşkəsdən sonra Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həlli üçün konkret addımlar atılmalıdır: “Çünki Azərbaycan və Ermənistan arasında sülhün olması regionda sabitliyə, əmin-amanlığa müsbət təsir edə biləcək. Prezident Fransua Olland Azərbaycan və Ermənistan prezidentlərini həmsədrlərlə birgə Fransada qəbul etməyə hazır olduğunu bildirib. Sadəcə, bu təklif prezidentlər tərəfindən qəbul olunmalıdır. Olland tərəflərə sülhə nail olmaq üçün konkret təkliflər verib, prezidentlər bu təklifləri Fransada müzakirə edə bilərlər”.
Son günlər cəbhədə atəşkəsin pozulmasına da toxunan diplomat, baş verənləri böyük narahatlıqla izlədiyini vurğulayıb: "Amma inanmıram ki, bu vəziyyət fransız sərmayəçilərinə mənfi təsir edə, onların Azərbaycana qarşı marağını azalda bilsin. Fransada Azərbaycanı gündən-günə yaxşı tanıyırlar, maraq da getdikcə artır. Biz Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına sadiq qalırıq və elə şərait yaratmağa çalışırıq ki, iki ölkə gələcəkdə müharibə deyil, sülh şəraitində yaşasın”.