“Rüstəm bəy özü mətbuata açıqlamasında bildirib ki, Milli Şuranın sədri kimi fəaliyyətini davam etdirmək niyyətindədir. Əgər Rüstəm bəy özü Milli Şura sədri olaraq qalmaq istəyirsə, təbii ki, onun sədrlikdən getməsi, bu qurumdan uzaqlaşması real deyil”.
Bunu Lent.az-a açıqlamasında AXCP sədrinin müavini, Milli Şuranın üzvü Fuad Qəhrəmanlı deyib. F.Qəhrəmanlı Müsavat Partiyası Ali Məclisinin sədri Arzu Səmədbəylinin R.İbrahimbəyovun Milli Şuranın sədri postundan ayrılması və yerini Cəmil Həsənliyə verməsi ilə bağlı təklifinə münasibət bildirirkən belə deyib.
AXCP rəsmisinin sözlərinə görə, R.İbrahimbəyovun Milli Şuranın sədri postundan ayrılması yalnız onun öz iradə ilə mümkün ola bilər: “Rüstəm bəy isə artıq öz mövqeyini bildirib ki, sədr kimi fəaliyyətini davam etdirmək istəyir. Ancaq o, eyni zamanda ölkədə olmadığı reallığını qəbul etdiyi üçün həmsədrlik institutunun yaradılmasını təklif edib. Həmsədrlik institutu yaradılacağı təqdirdə də bu posta indiki halda ən çox ehtimal olunan Cəmil Həsənlinin seçilməsi də ən doğru variant olar”.
Milli Şura üzvü deyib ki, qurum daxilində R.İbrahimbəyovun sədrlikdən getməsi ilə bağlı fərqli yanaşmalar olar bilər, ancaq əsas odur, bu fərqlilik ziddiyyətə çevrilməsin: “Fərqli yanaşmalar arasında ortaq variant tapılmalıdır. Bu məsələlər müzakirə olunacaq və yekunda ortaq bir qərar qəbul ediləcək. Hesab edirəm ki, Milli Şuranın sessiyasının iradəsi ilə ən uyğun qərar qəbul ediləcək”.